22 Aprel 2022, 11:53

Azərbaycanda iyun ayından COVID-19 pasportları ləğv edilə bilər

Azərbaycanda iyun ayından COVID-19 pasportları ləğv edilə bilər

 Azərbaycan gələn ayın əvvəlindən quru sərhədlərinin açılması, o cümlədən kovid pasportlarına və qapalı yerlərdə tibbi maskaların taxılmasına dair tələblərin aradan qaldırılması imkanlarını müzakirə edir.

Bu barədə daha əvvəl Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Assosiasiyasının (TƏBİB) rəhbəri vəzifəsini icra edən Vüqar Qurbanov məlumat verib.

Millət vəkili Cavanşir Paşazadə sfera.az-a müsahibəsində qeyd edib ki, iyun ayından Azərbaycanda da peyvənd sənədi (covid-pasport - red.) ləğv edilə bilər:

"Bugün Azərbaycanda yoluxmaların sayı xeyli azalıb, pandemiya demək olar ki, puç olub. Azərbaycan dövləti koronavirusla bağlı bütün məsələlərə vaxtında diqqət yetirib və kifayət qədər sayda vaksin əldə edib. Dövlətin bu məsələni tam nəzarətə götürməsi, vətəndaşların qaydalara əməl etməsi yoluxanların sayının minimuma enməsinə səbəb olub. Ola bilsin ki, mayın 1-də quru sərhədlərinin açılması və maska ​​taxmaq tələbinin götürülməsi ilə bağlı qərar qəbul olunacaq”, - deyə deputat bildirib.

C.Paşazadənin sözlərinə görə, Azərbaycanda da covid-pasportların ləğvi həyata keçirilməlidir:

“Artıq ölkədə karantin məhdudiyyətlərinin yumşaldılması üçün mühüm addımlar atılıb. Bu baxımdan, iyun ayından etibarən covid pasportlarını ləğv etmək müdrik olardı. Avropa belə bir qərar verdikdən sonra bizdə də bu sənədə ehtiyac qalmayacaq”.