22 Fevral 2022, 10:37

Bugün Novruzun ilk çərşənbəsidir: bayramı hansı xalqlar necə qeyd edir?

Bugün Novruzun ilk çərşənbəsidir: bayramı hansı xalqlar necə qeyd edir?

Bugün Novruz bayramının ilk çərşənbəsi olan su çərşənbəsidir.  Novruz - təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir və həmin gün Novruz bayramı qeyd edilir. Buna qədər isə dörd - su, od, yel və torpaq çərşənbələri qeyd edilir. Bayram günləri Novruz şənlikləri təşkil olunur, el sənətkarları, müğənnilər, pəhləvanlar, kəndirbazlar öz sənətlərini nümayiş etdirir. Bayramın əsas simvolları isə Bahar qızı, Kosa və Keçəldir. Adətə görə, süfrəyə “s” hərfi ilə başlayan 7 növ ərzaq qoyulur. Həmçinin bayram axşamı süfrəyə süfrələrin şahı olan plov gətirilir.

Novruzun ilk günü yaz, ikinci günü yay...

Novruz bayramı günü də çərşənbələrdə olduğu kimi həyətlərdə tonqal yandırılır. Tonqalın üstündən hoppanıb köhnə ilin azar-bezarı yandırılır. Tonqal heç vaxt su ilə söndürülmür. Özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin neqativ enerjisi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.

Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtçilik əlamətidir. Bu bayramlarda çoxdan küsülü qalanların barışmasına şərait yaradırlar. Qohumlara, qocalara, xəstələrə baş çəkmək, ölənlərin qəbir üstünü ziyarət etmək lazımdır. Ailədə təzə uşaq dünyaya gələndə onun adına xüsusi hədiyyə alıb görməsinə gedirlər. Ənənəyə görə bayramın ilk günü hamı öz evində olmalıdır. Ancaq uşaqlar ata-analarına baş çəkib, yenə də öz evlərinə qayıtmalıdırlar. Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçməyini - quru və yaxud yağışlı keçəcəyini, məhsuldar olub-olmayacağını müəyyən edirlər. Adətlərə görə, Novruzun ilk günü yaz, ikinci günü yay, üçüncü günü payız, dördüncü günü isə qış hesab edilir. Əgər ilk gün külək və yağışsız olursa, deməli il kənd təsərrüfatı üçün uğurlu keçəcək. Əgər külək olarsa, deməli bütün il bu cür keçəcək. Son üç gündə də ilin qalan fəsillərinin necə keçəcəyi bu yolla müəyyən edilir.

“Novruz sultan”

Novruz Bayramı yalnız Azərbycanda deyil, digər ölkələrdə də qeyd edilir. Bu ölkələrin Novruz adət ənənələrinə nəzər salsaq oxşarlı olduğunu görərik.

Türkiyədə isə bu bayram qışın qurtarması kimi qeyd edilir. Qaziantep və onun ətrafındakı ərazilərdə martın 22-si “Novruz sultan” adlandırılır.
Diyarbəkirdə insanlar gəzintiyə çıxırlar. Həmin gündə evə gələn adamı müxtəlif növ meyvələrə qonaq edirlər. Tuncəlidə kişilər alınlarına qara rəng vuraraq su mənbələrinə doğru hərəkət edir, burada rəngi axıdır və dualar edirlər.

Mərkəzi Anadoluda Novruz bayramı “mart doqquzu” kimi də tanınır. Mart ayı yeni ilin başlanğıcı hesab olunduğu üçün onun ilk 12 gününə görə ilin necə keçəcəyi müəyyənləşdirilir.

Martın 21-i Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. Burada da bizdə olduğu kimi yumurta döyüşdürmək adəti var. Azərbaycandakı kimi yumurta döyüşdürülür.

Qırğız süfrəsində məxsusi olaraq Novruzda bişirilən beşbarmaq olur. Bu, quzu ətindən və makarona oxşar un məmulatından bişirilir. Əllə yeyildiyinə görə bu yeməyə beşbarmaq deyilir.

Tacikistanda isə Novruz martın 20-də başlayır, 3-4 gün davam edir. Uşaqlar yaz çiçəklərindən dərib yığır, qapıları döyür, ev sahibinə çiçəklərdən verir, ev sahibi də onlara ya konfet, ya yumurta, ya da pul verir.

Özbəkistanda Novruz süfrəsi üçün nişala hazırlayırlar. Nişala şəkərdən bişirilir - ağ şokolad kimi olur. İranda da bu bayram Əfqanıstanda olduğu kimi martın 21-i keçirilsə də, bayram süfrələri tamamilə fərqli olur. Onlar səmənini ən çox mərcidən göyərdirlər.

Əfqan süfrəsi isə adətən stolun üstündə olmur. Süfrə yerə sərilir və ona dəstərxan deyirlər. Əfqan süfrəsində kompota bənzər bir təam da olur. Həmin təamın adı “həft meyvə”, yəni yeddi meyvədir. Amma quru meyvələrdən hazırlanır. Əfqanlar bunu ancaq Novruzda hazırlayırlar. “Həft meyvə” ərik qurusu, kişmiş, qoz, iydə və sairdən hazırlanır.

Novruz baba və gənc Bahargül

Türkmənistanda isə bu bayrama bir il əvvəldən hazırlaşmağa başlayırlar. Novruz 1922-ci ildən türkmən xalqının qeyd etdiyi rəsmi bayramlar sırasındadır. Türkmənlərə görə süfrə həmin gün dolu olmalı, bu ərəfədə insanlar bir-birinə qonaq getməlidirlər. Deyilənə görə, qonağa nə qədər çox kişmiş, qoz, konfet, nabat verilərsə, həmin evdə də bir o qədər bolluq olar. Burada bayramın simvolu Novruz baba və gənc Bahargül hesab olunur. Səmənidən hazırlanan xörəklərin bayram süfrəsində yer almasına isə xüsusi olaraq fikir verilir.

Qırğızıstanda isə mart ayını Novruz adlandırırlar. Vaxtilə həmin gün doğulan oğlanlara adətə görə Novruzbəy, qızlara isə Bahar və ya Novruzgül adı verilərdi. Əgər bu gün qar yağardısa, yaxşı əlamət hesab olunardı. Təsadüfi deyil ki, qırğız əfsanələrində qız gözəlliyini Novruzda yağan qarla müqayisə edirlər. Bayramda üzərinə dadlı təamlar düzülmüş ağ dəstərxan-süfrə salınır. Süfrədə un qatılmış səməni, yağ və şəkərdən hazırlanan “sumelek” mütləq olmalıdır.

Özbəkistanda isə bu gün bayram menyusuna xüsusi olaraq fikir verilir. Süfrədə mütləq şurpa (ət bulyonunda bişirilən tərəvəzlər), plov və samsa (göyərtili pirojkilər) olmalıdır. Özbək ənənəsində “sumalakın” adlı yeməyi xüsusi olaraq qeyd etməliyik. Belə ki, bişməsi 24 saat çəkən bu xörəyin hazırlanmasında yalnız qadınlar iştirak edir və bu, əməlli-başlı mərasimdir. Belə ki, cücərmiş buğda dənələri iri qazana tökülür və tünd rəng alınana kimi qarışdırılır. Yaz haqqında nəğmələr oxunur. Qazanın dibinə isə daş və ya qoz yerləşdirilir. “Sumalak” fincanına daş və ya qozun düşməsi ilin uğurlu olması deməkdir. Burada Novruzla əlaqədar olaraq “buzboşi” və ya “kupkari” adlı ənənəvi oyunlar da keçirilir.

AviaTravel