8 Fevral 2022, 10:45

Azad edilmiş digər ərazilərə də avtobus reysləri təşkil ediləcək

Azad edilmiş digər ərazilərə də avtobus reysləri təşkil ediləcək

“Şuşa və Ağdam ilə yanaşı işğaldan azad olunmuş Azərbaycanın digər rayonlarına da müntəzəm avtobus reysləri təşkil edilməsi planlaşdırılır”.

Bunu açıqlamasında Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

R.Nəbiyevin sözlərinə görə, Şuşa və Ağdama təşkil edilən müntəzəm avtobus reysləri cənab Prezidentin tapşırığına uyğun olaraq “Qarabağa böyük qayıdış” planının tərkib hissəsidir.

"Reyslər başlanarkən də biz demişdik ki, reyslərin müntəzəmliyi, onun ayda neçə dəfə və hansı istiqamətdə olması tələbə bağlı məsələ olacaq. Bildiyiniz kimi artıq Bakıdan Şuşa istiqamətinə həftədə 3 dəfə reyslər təşkil olunub. Ağdam istiqamətinə də bir neçə yerdən reyslər təşkil edilir", - nazir bildirib.

Qeyd edək ki, yanvarın 24-dən etibarən Bakı, Əhmədbəyli və Bərdədən Şuşa və Ağdam istiqamətində müntəzəm avtobus reyslərinin təşkilinə başlanıb. Şuşa istiqamətində səfərlər ilk olaraq həftədə iki dəfə olsa da, sonradan tələbata görə, həftədə 3 dəfəyə qaldırılıb.

Xatırladaq ki, Əhmədbəyli-Şuşa üzrə həftədə dəfə, digər istiqamətlərdə isə həftədə 2 dəfə avtobus reysləri olacaq. Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti 5 manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Büzuli Beynəlxalq Hava Limanı üzrə isə biletin qiyməti 6 manat olacaq. Bu qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdılar.

report.az