5 Noyabr 2021, 10:31

Vyanada pandemiya ilə əlaqədar məhdudiyyətlər sərtləşdiriləcək

Paytaxtda qapalı məkanlara giriş yalnız peyvənd olunmuş və xəstəliyi keçirdiyinə dair arayışı olan şəxslərə daxil olacaq
Vyanada pandemiya ilə əlaqədar məhdudiyyətlər sərtləşdiriləcək

Avstriyada koronavirusa yoluxma hallarının artmasını (gündəlik 6500-7000 yoluxma) nəzərə alaraq, Vyana bələdiyyəsi bütün ölkə üzrə tətbiq edilən qaydalardan əlavə məhdudiyyətləri nəzərdən keçirir.

Vyana şəhərinin meri Mixael Ludviq vəziyyətin gərginləşəcəyini gözləməyəcəklərini bildirib. Onun sözlərinə görə, Avstriyada ilk dəfə Vyanada valideynlərin arzusu əsasında 5-12 yaşlı uşaqlar koronavirusa qarşı peyvənd oluna biləcəklər. Hazırda bu istiqamətdə xüsusi fəaliyyət proqramının hazırlandığını bildirən mer bu yaş qrupundakı uşaqlar üçün rəsmi lisenziya prosesindən keçməmiş (off-label) peyvəndlərin təklif ediləcəyini bildirib.

Merin sözlərinə görə, paytaxt Vyanada qapalı məkanlara giriş yalnız peyvənd olunmuş və xəstəliyi keçirdiyinə dair arayışı olan şəxslərə mümkün ola biləcək. Gələn həftənin sonunda bu məhdudiyyət tətbiq ediləcək və həmin vaxtdan etibarən testlə qastronomiya və ictimai-iaşə obyektlərinə giriş qadağan ediləcək.

M.Ludviq, eyni zamanda peyvəndin üçüncü dozası ilə bağlı şəhərdə təbliğat kampaniyasının gücləndiriləcəyini ifadə edib.