Avstriyada koronvirusa yoluxanların məcburi karantində qalması avqustun 1-dən etibarən ləğv ediləcək.
Bu barədə razılıq Səhiyyə Nazirliyi və federal əyalət rəhbərləri arasında əldə edilib. Qərara əsasən, avqustun 1-dən sonra virusa yoluxanlar özlərini xəstə hiss etmədiyi halda evi tərk edə biləcəklər. Onlar yalnız ictimai nəqliyyat məhdudiyyətlərinə riayət etməli olacaqlar, yəni nəqliyyatda FFP2 maskalarından istifadə ediləcək, eləcə də ictimai məkanlarda digər insanlarla iki metrlik sosial məsafə saxlamalı olacaqlar. Həmçinin koronavirusa yoluxmuş şəxslərin xəstəxanalar, tədris müəssisələri, uşaq bağçaları, ahıllar evləri kimi məkanlara girişinə icazə verilməyəcək.
Səhiyyə naziri Yohannes Raux bildirib ki, pandemiya ilə bağlı yeni mərhələyə keçidin vaxtı yetişib. Onun sözlərinə görə, ölkədə iqtisadi həyatın davamlı gedişatını təmin etmək üçün hətta testi müsbət çıxan şəxslərin işə getməsinə də icazə veriləcəkdir. Bunun üçün əsas öhdəlik maskadan istifadə etmək və digər iş yoldaşları ilə sosial məsafəyə riayət etməkdir.
Nazir həmçinin bildirib ki, məhdudiyyətlərin yumşaldılması düzgün addımdır, çünki koronavirus uzunmüddətli məsələ kimi dəyərləndirilməlidir və növbəti qış mövsümündən sonra da başa çatmayacaqdır. Vəziyyət 2020-ci illə müqayisədə də artıq dəyişib, bəşəriyyət iki il əvvəl “içərisi boş alətlər çantası“ ilə pandemiyaya qarşı mübarizə aparırdısa, indi peyvənd, müxtəlif dərman preparatları və virusun “yumşaq” variantları vəziyyəti dəyişib. Pandemiyanı başa çatmış elan etmək mümkün olmasa da, ona qarşı uzunmüddətli hazırlıq işləri aparılır.