Aprelin 10-dan etibarən Misirin bütün hava limanlarında ölkəyə gələn sərnişinlərdən COVID-19-la bağlı məcburi bəyannamə formaları doldurmaq tələb olunmur. Əvəzində, QR kodu yaratmaq üçün onlayn anket təklif edilir.
Misirin Səhiyyə Nazirliyinin təklifi əsasında “EgyptAir” aviaşirkəti sərnişinlərə “Visit Egypt” portalına daxil olmaqla QR kodu almağı təklif edir. Səhiyyə Nazirliyinin nümayəndəsi Hüssam Əbdel-Ğaffar jurnalistlərə müsahibəsində bildirib ki, bu yeniliyi tətbiq etməkdə əsas məqsəd kağız formatında anketlərdən imtina etmək və prosedurları sadələşdirməkdir. Onun sözlərinə görə, Misirə gələn sərnişinlərin həmin portala girərək QR kod almaları daha asan olacaq. Bu, həm də hava limanlarında sərnişin sıxlığının qarşısını alacaq. Eyni zamanda, öz ölkələrinə geri qayıtmaq istəyənlər elektron portal vasitəsilə biletlərində uçuş tarixini də dəyişmək imkanı əldə edəcəklər. Bundan başqa, uçuşdan dərhal əvvəl bilet bron etməyə cəhd edən sərnişinlər internet saytında prioritet qaydada qeydiyyatdan keçə bilərlər. Belə ki, onların məlumatları karantin siyahısına əlavə edilir və sorğunun məqsədəuyğunluğunun nəzərdən keçirilməsini təmin etmək üçün xüsusi yarlıq verilir.