8 Fevral 2022, 10:48

Daha bir ölkə xarici turistlərə qapısını açır

Daha bir ölkə xarici turistlərə qapısını açır

Avstraliya hökuməti koronavirusa qarşı tam peyvənd olunanlar üçün sərhədlərin açılması barədə qərar qəbul edib.

Bu barədə hökumətin fevralın 7-də keçirilən toplantısından sonra Baş nazir Skott Morrison bəyan edib. Baş nazir bildirib ki, təqribən iki illik fasilədən sonra ölkəyə gəlişlə bağlı məhdudiyyətlər fevralın 21-də aradan qaldırılacaq.

Məşhur tennisçi Novak Cokoviçlə bağlı baş verən qalmaqalı nəzərdə tutan S.Morrison bildirib ki, cari ilin əvvəllərində olan hadisə bütün dünyadan Avstraliyaya gəlmək istəyənlər üçün tam peyvəndin zəruri olduğunu təsdiq edən siqnal rolunu oynayıb.

Xatırladaq ki, həmin vaxt tam peyvənd olunmayan məşhur tennisçiyə Avstraliyaya giriş qadağan edilib.

Hazırda Avstraliyanın bütün ştatlarında tam peyvənd olunanlar üçün özünütəcrid tələbi aradan qaldırılıb. Hökumətin son qərarının ölkə iqtisadiyyatının və turizm sənayesinin tam bərpasına mühüm təsir göstərəcəyi gözlənilir.

Qeyd edək ki, hələ ötən ilin dekabrında Avstraliya Yaponiyadan və Cənubi Koreyadan gələn tam peyvənd olunmuş səyyahlar üçün məhdudiyyətləri yumşaldıb.