23 Dekabr 2021, 16:32

Tailand ölkəyə karantinsiz giriş sistemini dayandırdı: qaydalar sərtləşdi

Tailand ölkəyə karantinsiz giriş sistemini dayandırdı: qaydalar sərtləşdi

Tailand hökuməti COVID-19 virusunun "omikron" ştamının axınının qarşısını almaq üçün əcnəbi turistlərin karantinsiz ölkəyə daxil olması ilə bağlı qeydiyyat sistemini müvəqqəti dayandırıb.

Bu barədə qərar Baş nazir Prayut Çan-o-çanın sədrliyi ilə hökumətin iclasında qəbul olunub. Əcnəbi turistlərin Tailandın beynəlxalq hava limanlarında koronavirus testi verdikdən və neqativ nəticə əsasında ölkənin turizm məkanlarında dincəlməsini təmin edən "Test ver və get" və tam vaksin olunan əcnəbi turistlərin karantin müddətini keçmədən ölkənin turizm məkanlarında qapalı sistemdə istirahətinə imkan verən "Sandbox" sistemləri yanvarın 4-dək dayandırılıb. Qərar daha əvvəl qeydiyyatdan keçən turistlərə şamil olunmasa da, onlar 2 dəfə test verməli olacaqlar.

Qeyd edək ki, dekabrın 20-də Tailandda "omikron" ştamına ilk yoluxma aşkarlanıb. Artıq bu rəqəm 104-ə yüksəlib. Tailand hökumətinin aşağı riskli hesab etdiyi ölkələrdən gələn tam peyvənd olunmuş turistlər üçün nəzərdə tutulan "Test ver və get" qeydiyyat sistemi noyabrın 1-dən fəaliyyət göstərir. Hökumət iqtisadiyyatın bərpası, xüsusən də turizmin canlanması məqsədilə iyulun 1-dən "Sandbox" sistemini istifadəyə verib.