9 Dekabr 2021, 13:25

Gürcüstanda COVID-19 pasportu ilə bağlı qaydalara dəyişiklik edildi

Turistlər obyektlərə “yaşıl status” verən ölkənin rəsmi qurumunun sənədini təqdim etməlidir.
Gürcüstanda COVID-19 pasportu ilə bağlı qaydalara dəyişiklik edildi

Gürcüstanda xarici ölkə vətəndaşlarının COVID-19 pasportu əsasında obyektlərə buraxılması ilə bağlı qaydalara dəyişiklik edilib.

Bu barədə Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.

Qərara əsasən, www.covidpass.moh.gov.ge və yaxud CovidPass Georgia və Avropa İttifaqının rəqəmsal COVID sertifikatları sistemlərində qeydiyyatdan keçməyən əcnəbilər obyektlərə “yaşıl status” verən ölkənin rəsmi qurumunun sənədini (elektron və ya çap versiyası) təqdim etməlidir.

Həmin sənəd ya QR-kod, ya tam vaksinasiya kursunu təsdiqləyən sertifikat, ya da PCR testin mənfi nəticəsinə dair arayışdan ibarət ola bilər.

Məlumat üçün qeyd edək ki, Gürcüstanda COVID-19 pasportlarının tətbiqinə dekabrın 1-dən başlanılıb. Yaşı 18-dən yuxarı olan ölkə vətəndaşları və əcnəbilər restoran, kafe, bar, əyləncə mərkəzləri, teatr, kinoteatr, muzeylər, konsert zalları, kazino, spa və idman zalları, mehmanxana, dağ kurortlarında kanat yollarına yalnız bu sənəd əsasında buraxılır.

Mağaza, supermarket, aptek və ictimai nəqliyyatda “yaşıl” pasport tələb olunmur.

Teqlər: