Pulunuza qənaət etmək üçün gecələməyə alternativ yerlər: Hostel, Airbnb, Couchsurfing.

Qiymətləri müqayisə edə və şərtlərlə tanış ola bilərsiniz
Pulunuza qənaət etmək üçün gecələməyə alternativ yerlər: Hostel, Airbnb, Couchsurfing.

Səyahət büdcəsinin mühüm hissəsini gəcələmək üçün sərf olunan xərc tutur. Əvvəllər, yəni 15-20 il öncə gecələmək üçün əsasən hotellərə üstünlük verilirdisə, indi bu qayda bir qədər dəyişib.

Gəlin, hotellərə alternativ olan gecələmək yerlərinə nəzər yetirək:

  • Hostel. Burada bir otaqda 4-16 nəfər, bəzən isə otağın ölçüsündən asılı olaraq, daha çox şəxs qalır. Hostellər əsasən şəhərin mərkəzi və mərkəzə yaxın yerlərində olur, otaqlarda çarpayılar adətən iki mərtəbəli variantda yerləşdirilir. Yaxşı hostellərdə hər çarpayı üçün pərdə, fərdi işıq və elektrik yuvası quraşdırırlar. Sanitaq qovşaq və hamam isə ümumi istifadə üçün olur.  Otaqlarda kişilər ayrı, qadınlar ayrı və ya qarışıq qalırlar. Bu haqda hosteli rezerv edən zaman qeyd görə bilərsiniz. Qonaqlara təmiz dəsmal dəsti də təqdim olunur. Böyük hostellərin öz kafesi və barı da olur. Qiymətlər isə hotellərdə olan kafelərdən daha sərfəlidir. Hostellərin hoteldən daha bir fərqi isə mətbəx və müvafiq avadanlıqların olmağıdır. Mətbəxdə özünüz üçün yemək bişirə, soyuducudan istifadə edə bilərsiniz. Oyun və istirahət zallarında isə başqa ölkələrdən olan turistlərlə tanış olmaq, sosiallaşmaq üçün yaxşı şans var. Praqa, Barselona, Vilnüs, Lissabon və s. şəhərlərdə vaxtılə hostellərdə çox qalmışam. Həmin zaman üçün mənə çox əyləncəli və sərfəli idi.

 

  • Airbnb. Bu platforma əsasən insanların öz mənzil və şəxsi evlərində qonaq saxlamaq üçün yaradılıb. Turistlər üçün çox əlverişlidir, çünki həm ikiçik, həm də böyük qrupda gedəndə qiymət hotellə müqayisədə bir neçə dəfə aşağı olur. Airbnb-də bir neçə qonaqlama növü var:
  • Ayrıca ev
  • Evdə bir otaq
  • Ümumi otaqda bir çarpayı
  • Hotel otağı – bu seçim sonradan gəlib.

Airbnb ilə evdə qalan zaman evin mətbəxindən və soyuducusundan da istifadə edə bilərsiniz. Bu da qida xərclərinə əlavə qənaət deməkdir. Ev sahibi tərəfindən qonaqlara təmiz dəsmal dəsti və sabun da təqdim olunur. Bu sistemin daha bir özəlliyi ondadır ki, hansı şəhərdə evdə qalırsınızsa oranın ev arxitekturası, şəraiti və interyer üslubu ilə yaxından tanış olursunuz. Mənə görə bu çox maraqlıdır. Nyu-York, Vaşinqton, London, Toronto, İstanbul və s. şəhərlərdə evlərdə qalmışam və heç vaxt bir çətinlik olmayıb. Əksinə, ev sahibləri ilə çox yaxşı münasibət qurmuşam. Axtarış edən zaman ev sahiblərinə qonaqlar tərəfədən yazılan şərhləri oxuyun, qiymətləndirməni nəzərdən keçirin. Özünüz də ev sahibinin qoyduğu qaydalara riayət edin ki, sizi yaxşı qiymətləndirsin və növbəti səfərlərdə başqa ev sahibi sizi qəbul etsin.

  • Couchsurfing. Layihənin yaradıcılarının ideyası odur ki, dünyanın müxtəlif yerlərində yaşayan insanlar bir-biri ilə dostdur, sadəcə hamısı bir-birini tanımır. Bu sayt sosial şəbəkə kimidir, amma səyahətçilərin şəbəkəsi. Səyahətçilər və ev sahibləri qeydiyyatdan keçərək öz məlumatlarını, hobbilərini, şəkillərini paylaşırlar. Getmək istədikləri şəhərdə ev sahiblərini axtarışla taparaq onlara sorğu göndərirlər. Qarşılıqlı anlaşma olsa, həmin şəhərdə pulsuz qalırlar. Saytdan istifadə pandemiya başlayana kimi tam pulsuz idi. Pandemiyadan sonra isə qismən pullu oldu. Belə ki, hazırda ev sahiblərinə gecələmək üçün ay ərzində yalnız 10 sorğunu pulsuz göndərmək olar. Pullu versiyada isə 60USD ödəyərək təsdiqlənmiş hesab və limitsiz sorğu haqqı əldə etmək olar. Saytda qeydiyyatım olsa da, hələ ki istifadə etməmişəm.

Gəlin, kiçik bir araşdırma ilə qiymətləri müqayisə edim. Misal üçün, 9-12 noyabr tarixində Parisin mərkəzində, 2 nəfərlik hotel otağı, hostel və airbnb təklifinə baxaq. Beləliklə,

Sully Hotel 1*                

452 AZN

Enjoy Hostel

300 AZN

Evdə ayrı otaq

307 AZN

Cədvəldən də göründüyü kimi hostel və evdə qalmaq ən ucuz bir ulduzlu hoteldən belə daha sərfəlidir. Nəzərinizdə saxlayın ki, tək edilən səyahətlərdə birmənalı olaraq hostel daha ucuz olur. İki və daha çox nəfərlik səyahətlərdə isə airbnb sərfəlidir. Amma istənilən halda hotel qiymətləri ilə müqayisə etmək lazımdır.

Həmişə gəzməkdə!

Teqlər: