Uşağı xaricə aparmağın qaydaları – SƏNƏDLƏR+RÜSUMLAR

Uşağı xaricə aparmağın qaydaları – SƏNƏDLƏR+RÜSUMLAR

Məlum olduğu kimi, Azərbaycanda yeni biometrik pasportlar qüvvədədir, hətta 1 yaşlı körpə uşaqların da xarici pasportları var.

Buna görə xaricə uşaqları ilə birlikdə səyahət edən vətəndaşlar qaydaları da nəzərə almalıdırlar.

Belə ki, əgər əvvəllər valideyn uşaqların fotosunu pasportuna vurub, özü üçün viza alaraq sakit şəkildə xaricə gedə bilirdisə, yeni pasportlarla əlaqədar olaraq xaricə gedəcək hər bir uşaq üçün də viza almaq lazım gəlir.

 

Uşaqlar və Şengen vizası

“Şengen” vizası qüvvədə olan ölkələrə səyahət zamanı uşağın da pasportunda vizanın olması məcburidir.

Bundan başqa vizaya tələb olunan şərtlər böyüklər üçün nəzərdə tutulan şərtlərdən az fərqlənir. Belə ki, uşaqlar üçün viza almağa müraciət etdikdə əgər uşaq məktəbdə oxuyursa, bunu sübut edən arayış verilməlidir. Məktəbə getməyən uşaqlar üçün hər hansı bir digər arayış tələb edilmir.

Böyüklər kimi, uşaqlar üçün də ayrı vaxt götürülməlidir

Viza üçün ərizə forması - səfər tarixləri dəqiq göstərilməklə tam və aydın doldurulmalıdır.

Son 3 ayda, ağ fonda çəkdirilmiş 3,5 x 4,5 ölçüsündə 1 ədəd rəngli şəkil tələb olunur. Şəkil ərizənin üzərinə yapışdırılmalıdır.

Digər bütün müvafiq sənədlər uşağın ərizə forması ilə birgə təqdim olunmalıdır.

12 yaşına çatmamış uşaqlardan barmaq izləri götürülmür

12 yaşına çatmamış uşaqlar üçün viza rüsumu pulsuzdur, lakin 12 yaşından yuxarı uşaqlar üçün viza rüsumu – 35 avro təşkil edir.

Sənədlərin siyahısı:

Uşağın valideynlərindən biri ilə getdiyi halda, digərindən rəsmi formada etibarnamə (icazə) təqdim olunmalıdır. Uşağın valideynlərindən birinin yoxluğuna (boşanma, ölüm və s.) görə yuxarıda qeyd olunan sənədin olmadığı halda, digər müvafiq sənəd təqdim olunmalıdır. Təqdim olunan sənəd notariusda ingilis dilinə tərcümə və təsdiq olunmalıdır. Bundan əlavə, valideynlərdən təqdim olunan etibarnamə (icazə) sənədinə, valideynlərin şəxsiyyət vəsiqəsinin surəti də əlavə olunmalıdır;

Məktəbdə təhsil alan uşaqlar üçün məktəbdən ingilis dilində (və ya notariusda ingilis dilinə tərcümə və təsdiq olunmuş) müraciət etdiyiniz səfirliyə ünvanlanmış arayış (məktəbin adı, ünvanı və əlaqə məlumatları, səlahiyyətli şəxsin imza və möhürü olmalıdır) təqdim olunmalıdır;

Uşağın doğum haqqında şəhadətnaməsi ingilis dilində (və ya notariusda ingilis dilinə tərcümə və təsdiq olunmuş) təqdim olunmalıdır;

Uşağın səyahət zamanı bütün xərclərinin valideynləri və ya qanuni himayədarı tərəfindən ödənilməsini və bunun üçün vacib olan maddi vəsaitini təsdiq edən sənədlər bunlardır: son bir ayda verilmiş iş yerindən arayışın və bankdan arayış və çıxarışın (son 3-6 ay) surətləri, həmçinin şəxsiyyət vəsiqə(lər)in surəti əlavə olunmalıdır. Uşağın valideynlərindən biri ilə səyahət etdiyi halda, digərinin iş yerindən arayışın sənədlərə əlavə ölunması tövsiyyə olunur.

Aşağıdakı sənədlərin surəti mütləqdir:

1. xarici pasport (ərizəçi haqqında məlumat və onun imzası olan səhifə(lər) və son üç 3 ildə şengen vizaların surətləri, əgər varsa;

2. şəxsiyyət vəsiqəsi;

3. səyahət sığortası;

4. təyyarə bileti və otelin bronları;

5. doğum haqqında şəhadətnamənin surəti, notariusda ingilis dilinə tərcümə və təsdiq olunmuş.

6. valideynlərin və ya uşağın qanuni öhdəyə götürən (etibarnamə verilən) şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

7. dəvət məktubu və digər müvafiq sənədlərin olduğu halda, onların da surətlərini əlavə etmək lazımdır.

 

Təhlükəsiz pasport

Qeyd edək ki, əvvəllər Azərbaycanda verilən pasportlarda olan təhlükəsizlik elementlərinin sayı biometrik pasportlarla müqayisədə olduqca az idi.

Buna görə də həmin pasportların saxtalaşdırılması asan idi. Biometrik pasportların saxtalaşdırılması isə demək olar ki, mümkün deyil. Bundan başqa xüsusi aparatlarla biometrik pasportların oxunması daha asandır.

Ən əsası isə biometrik pasportlarda insanın xarici görünüşünün elementlərini əks etdirən daha çox əlamət, məsələn, barmaq və ovuc izləri, gözlərin rəngi və s. mövcuddur. Biometrik pasportların Azərbaycanda tətbiqinə başlanılması insanların hüquq və təhlükəsizliklərinin qorunması baxımından çox müsbət və uğurlu bir addımdır.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (“ASAN xidmət”) verilən məlumata görə, ümumvətəndaş pasportu almaq üçün vətəndaşlardan ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket, vətəndaşın şəxsiyyət vəsiqəsi (və ya 15 yaşı tamam olmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı) və dövlət rüsumunun ödənilməsi barədə sənəd tələb olunur.

Pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə qan qrupu haqqında tibbi arayış (uşağın fərdi identifikasiya kartı təqdim edildikdə bu sənəd tələb olunmur), valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd tələb olunur.

Qeyd edək ki, 15 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilərkən ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri imzalayırlar.

15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır.

Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.

Ümumvətəndaş pasportunun dəyişdirilməsinə gəlincə, ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə pasport dəyişdirilməlidir.

Pasport üçün rüsumlar

Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:

- bir yaşınadək uşaqlar üçün - 15 manat;

- bir yaşından üç yaşınadək uşaqlar üçün - 25 manat;

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 35 manat;

- on səkkiz yaşına çatmış vətəndaşlara - 60 manat.

beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:

- bir yaşınadək uşaqlar üçün - 25 manat;

- bir yaşından üç yaşınadək uşaqlar üçün - 55 manat;

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 75 manat;

- on səkkiz yaşına çatmış vətəndaşlara - 120 manat.

bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:

- bir yaşınadək uşaqlar üçün - 55 manat;

- bir yaşından üç yaşınadək uşaqlar üçün - 115 manat;

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 155 manat;

- on səkkiz yaşına çatmış vətəndaşlara - 210 manat.

Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə:

on iş günü müddətində verildikdə

- bir yaşınadək uşaqlar üçün - 25 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 40 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 55 manat;
- on səkkiz yaşına çatmış vətəndaşlara - 75 manat.

beş iş günü müddətində verildikdə

- bir yaşınadək uşaqlar üçün - 40 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 70 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 100 manat;
- on səkkiz yaşına çatmış vətəndaşlara - 135 manat.

bir iş günü müddətində verildikdə

- bir yaşınadək uşaqlar üçün - 65 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 125 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 165 manat;
- on səkkiz yaşına çatmış vətəndaşlara - 220 manat.

Məlumat üçün deyək ki, şəxsiyyət vəsiqəsinin və pasportun itirilməsinə və ya qəsdən korlanmasına görə İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən 30 manat miqdarında cərimə edilir. Ümumvətəndaş pasportunda, o cümlədən onun elektron daşıyıcısında göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir.

 

Həmişə gəzməkdə!

AviaTravel