Pandemiyadan sonra Şengen vizası - hansı ölkələr artıq açılıb və hansı səfirliklər vasitəsilə bunu etmək daha yaxşıdır?

Pandemiyadan sonra Şengen vizası - hansı ölkələr artıq açılıb və hansı səfirliklər vasitəsilə bunu etmək daha yaxşıdır?

Pandemiya vaxtı şengen vizası verən bir çox ölkə viza xidmətini dayandırmışdı. Hazırda Avropada pandemiya qaydaları yumşaldığı üçün əksər səfirliklər viza verilişini bərpa ediblər. Amma bununla yanaşı bəzi səfirliklər koronavirusa yoluxma ehtimalını nəzərə alaraq, səyahət sığortasına bu xəstəliyə yoluxan zaman tibbi xərcləri də qarşılamaq tələbini qoyublar.  Hazırda aşağıdakı ölkələrə şengen vizası almaq olar:

  • Macarıstan
  • Almaniya
  • Fransa (həmçinin İspaniya, Portuqaliya, Belçika üçün)
  • İtaliya
  • Avstriya
  • Çexiya
  • Polşa
  • İsveçrə
  • Latviya
  • Litva
  • Estoniya
  • Norveç
  • İsveç

Viza üçün lazım olan əsas sənədlər aşağıdakılardır:

  • Pasport
  • Şəxsiyyət vəsiqəsinin nüsxəsi
  • İş yerindən arayış
  • Bank hesabından arayış və çıxarış
  • Maaş kartından çıxarış
  • Səyahət sığortası  - Nəzərə alın ki, bəzi səfirliklər COVİD-19 yoluxmasını tam qarşılayan sığorta, bəziləri isə hətta sığortanı Avropa mənşəli sığorta şirkətindən tələb edir.
  • Əgər varsa, son 5 ildə alınmış şengen vizalarının nüsxəsi

İş yeriniz və gəliriniz yoxdursa səfərin xərclərini qarşılayan sponsor notariusda bu haqda sənəd hazırlamalı və gəlirləri, iş yeri haqqında məlumat verməlidir. Əgər uzunmüddətli viza istəyirsinizsə konsula niyyət məktubu da yaza bilərsiniz. Bütün sənədlər ingilis dilində təqdim edilməli və ya azərbaycan dilindən ingilis dilinə tərcümə-təsdiq olunmalıdır. 

Vizanın rüsumu 35 avrodur. Bu həm bir girişli, həm də çox girişli şengen vizalarında eyni qiymətdir. Səyahət blogeri Azər İsmayılın sözlərinə görə, sənədlər qaydasındadırsa hazırda Polşa, İsveçrə, Avstriya, Almaniya və Fransa səfirlikləri vizanı daha rahat verir. Macarıstan və İtaliya səfirlikləri isə bəzi hallarda əsası olmadan imtina verir və ya əlavə sənədlər istəyirlər. Əlavə sənədlər isə əlavə xərc deməkdir.

Səfərdən öncə gedəcəyiniz ölkənin giriş qaydalarını oxumağı unutmayın. Bu haqda ən son məlumatları səyahət etdiyiniz aviaşirkətin saytından və ya https://www.iatatravelcentre.com/world.php saytından öyrənə bilərsiniz.