14 Aprel 2022, 10:39

Uçuş zamanı baqajı necə qorumaq olar? Çamadanınız üçün ehtiyat tədbirləri

Uçuş zamanı baqajı necə qorumaq olar? Çamadanınız üçün ehtiyat tədbirləri

Sosial şəbəkələrdə baqajların yükslənməsi ilə bağlı bəzi videolara baxanda adamın "ürəyi ağrıyır". Yükvuran işçilərin və təcrübəli səyyahların baqajımızı qoruyub saxlamağa imkan verən, onun başqa istiqamətdə uçmasının qarşısını alan məsləhətlərini təqdim edirik.

İki növ baqaj

Uçuş zamanı özünüzlə iki növ baqaj götürə bilərsiniz. Normalda sərnişin baqajı adlanan və adətən 15-20 kq-a qədər təyyarənin altında pulsuz daşınan bu baqaj qeydiyyat zamanı heyətə təhvil verilə və uçuşdan sonra qəbul edilə bilər. Kabin baqajı uçuş zamanı özünüzlə götürə biləcəyiniz baqajdır. Bu çantanıza əlavə kiçik çamadan ola bilər. Ölçü həddi var, çəki həddi deyil. Sərnişin baqajınız 15-20 kq-dan çox olarsa, əlavə ödəniş etməmək üçün qalanını kabin baqajınızla daşıya bilərsiniz. Yaxud özünüzlə aparacaq çoxlu əşyanız yoxdursa, yalnız kabin baqajı ilə səyahət edə bilərsiniz. Çünki uçuşdan sonra təyinat yerinə çatdığınız zaman sərnişin baqajınızın gəlməsini bir müddət gözləməli olacaqsınız. 

Baqajın itirilməsi, eləcə də çamadandakı bəzi dəyərli əşyaların zədələnməsi və ya oğurlanması məzuniyyətin başlanmasının, yaxud başa çatmasının heç də xoşagələn variantı deyil. Əfsuslar olsun ki, biz əşyalarımızın təyyarənin baqaj bölməsinə necə yükləndiyinə nəzarət edə bilmirik. 

Dəstəyə diqqət yetirin

Beləliklə, baqajı zədələməmək üçün, ilk növbədə, əvəzləyici dəstəyi olan çamadan alın, çünki çamadanın konstruksiyasında ən zəif element elə məhz onun dəstəyidir və digər elementlərlə müqayisədə o, fiziki təzyiqə daha çox məruz qalır.

Yükləri təyyarəyə adətən insanlar yerləşdirirlər və rastlarına çəkisi 20-25 kiloqram olan çamadan çıxanda, səliqəli işləmək barədə düşünmürlər, ağır yükdən can qurtarmaq üçün onu necə gəldi yük bölməsinə tullayırlar. Məlumdur ki, böyük şkaf aşanda daha çox gurultu qoparır. Çamadanın içi nə qədər dolu olsa, onun korpusuna və dəstəyinə bir o qədər çox güc düşür. Ona görə də kövrək əşyaları çamadanın ortasına qoyun, yumşaq əşyaları isə onların ətrafına düzün.

Köhnə birkaları çıxarın

Aviaşirkətlərin xidmətlərindən heç olmazsa bir dəfə istifadə edən şəxs, yəqin ki, baqaja verilən çamadanların üzərinə bərkidilən birka deyilən aksesuara diqqət yetirib. Bəzi səyyahlar, xüsusən də istirahətə ilk dəfə təyyarə ilə yollananlar aeroporta gələn kimi çamadandan birkanı açmağa tələsmir. Hətta özlərinə əziyyət verib birkanı əvəzləməmək üçün onu növbəti reysə saxlayırlar. Bunu etmək tövsiyə olunmur, çünki baqajdakı köhnə birka aeroport xidməti işçilərini yanılda bilər. Bu isə o deməkdir ki, baqajınız naməlum istiqamətdə uçacaq.

Ünvanınızı və əlaqə məlumatınızı bir kağıza yazıb çamadanın içinə qoyun ki, çamadanınız itsə, aeroport xidməti sizi asanlıqla axtarıb tapa bilsin.

Plyonka ən səmərəli vasitədir

Sərnişinlərin baqajlarından qiymətli əşyaların yoxa çıxması da tez-tez təsadüf edilən hallardandır. Səyahət etməyi sevən bəzi insanlar əmindirlər ki, bu deyilənlər mifdən başqa bir şey deyil, çünki səyahət etdikləri uzun illər ərzində bir dəfə də olsun oğurluqla üzləşməyiblər. Amma elələri də var ki, elə ilk səyahətdəcə onları soyurlar. Balaca bir qıfıl çamadanın qarət edilməsinin qarşısını almır. Təcrübəli oğrunun bu qıfılı açması çətin iş deyil. Üstəlik, çamadanın içindən oğurluq edildiyi dərhal üzə çıxmaya da bilər.

Odur ki, çamadanı dolamaq üçün tövsiyə edilən adi plyonka onun qorunması üçün ən səmərəli vasitədir. Potensial oğru, çox güman, elə bir çamadan seçəcək ki, ondan oğurluq etmək problem yaratmasın və qıfılın sındırılması izləri görünməsin. Yeri gəlmişkən, plyonkaya alternativ təklif edilən çamadan çexolları bu işə yaramır. Çünki çexolu çıxarıb-geydirmək də çətin iş deyil.

Hüququnuzu bilin

Uçuş zamanı baqajınız xarab olarsa və ya itərsə, zərərinizin aradan qaldırılması üçün mümkün qədər tez aviaşirkətlə əlaqə saxlamalısınız. Səyahətdən əvvəl çamadanınıza qoyduğunuz əşyaların siyahısını tərtib etmək, qiymətli əşyalarınızı müəyyənləşdirmək zədələnmə halında itkinizi düzgün müəyyənləşdirməyə kömək edəcək. Uçuşdan sonra baqajın çatdırılması zamanı baqajınızın zədələndiyini görsəniz, dərhal gəliş zalındakı müvafiq bölməyə müraciət edin. Baqajınızın zədələnməsini hiss etsəniz, uçuşdan ən geci 7 gün sonraya qədər aviaşirkətlə əlaqə saxlamalı və vəziyyət barədə məlumat verərək tədbirə başlamalarını xahiş etməlisiniz. Səyahət etməzdən əvvəl alacağınız hərtərəfli səyahət sığortaları baqajın itirilməsi və ya zədələnməsi nəticəsində yarana biləcək maliyyə itkilərini də ödəməyə kömək edəcək.

İtkinin qarşısını almaq üçün daha bir dəyərli məsləhət: qiymətli əşyalarınızı əl yükündə daşıyın!

AviaTravel