28 Yanvar 2022, 08:43

Uçuşum gecikdi və ya ləğv olundu - NƏ ETMƏLİ?

Sərnişinlərə bu vəziyyətin nəticələrini minimuma endirməyə kömək edəcək sadə alqoritm
Uçuşum gecikdi və ya ləğv olundu - NƏ ETMƏLİ?

Təsəvvür edin ki, hava limanındasınız, uçuşu gözləyirsiniz, lakin sonra sizi olduqca xoşagəlməz bir sürpriz qarşılayır - reysin qeyri-müəyyən müddətə təxirə salınması və ya tamamilə ləğv edilməsi barədə elan verilir.

Uçuş gecikmələri və ya reyslərin ləğvi demək olar ki, hər gün olur. Bu, turistlər arasında mənfi emosiyalara səbəb olan tipik, lakin həmişə çox bezdirici bir vəziyyətdir. Bu, həm də bütün hava limanının və aviaşirkətin işinə ciddi maneədir.

Uçuşlar iki, üç, beş, səkkiz və ya daha çox saat, nadir hallarda iki və ya üç gün gecikə bilər. Belə ki, yanvar ayında minlərlə sərnişin İstanbul və Rusiyanın Krasnodar hava limanlarında güclü qarın yağması səbəbindən ilişib qalıb. Təbii vəziyyət sözün əsl mənasında bütün uçuşları ləğv etməyə məcbur etdi, insanlar nəhayət nə vaxt evə uça biləcəklərini bilmədən hava limanlarında sanki “tələ”də qaldılar.

Bu yazı sərnişinlərə uçuşun ləğvi və ya gecikməsi nəticəsində yaranan nəticələri minimuma endirməyə kömək edəcək sadə hərəkətlər alqoritmini təqdim edir. 

Hava daşımaları müqaviləsi

Əslində, aviabilet alınarkən aviaşirkətlə sərnişin arasında hava daşımaları haqqında müqaviləsi bağlanır. Buna əsasən, aviaşirkət sərnişini və onun baqajını biletdə göstərilən təyinat yerinə daşımağı öz öhdəsinə götürür. Qeyd edək ki, aviasiya şirkətinin biletində, cədvəlində və dərc olunmuş digər uçuş cədvəllərində göstərilən uçuşun (və ya gəlişin) vaxtı və təyyarənin növü daşıma müqaviləsində məcburi şərtlər kimi qəbul edilmir və zəmanəti də yoxdur. Belə ki, aviadaşıyıcı reysin uçuş vaxtını dəyişdirmək hüququna malikdir, lakin bu barədə dərhal sərnişinə məlumat verir. Həmçinin, bu müqaviləyə əsasən, aviaşirkət səyahətçiyə əvvəlcədən məlumat vermədən təyyarənin növünü dəyişdirmək hüququna malikdir.

“Əgər reys gecikibsə və ya ləğv edilibsə və bu xəbər sərnişini hava limanında yaxalayıbsa, uçuşla bağlı məlumat almaq üçün o, aviaşirkətimizin qeydiyyat xidməti və ya məlumat bölməsi ilə əlaqə saxlamalıdır. Ona uçuşunun niyə gecikdiyi və nə qədər davam edə biləcəyi barədə məlumat veriləcək. Həmçinin, uçuşla bağlı məlumat almaq üçün sərnişin aviaşirkətin zəng mərkəzinin gecə-gündüz fəaliyyət göstərən qaynar xətti ilə əlaqə saxlaya bilər”, - deyə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib.

Sərnişinə seçim verilir: əlavə ödəniş etmədən başqa reyslə uçmaq və ya bileti qaytararaq pulu geri almaq.

Uçuşunuz gecikərsə və ya ləğv edilərsə nə etməli?

Birinci və ən vacib məsələ panikaya düşməmək, sakit, soyuqqanlı olmaqdır. Və unutmayın ki, biletlərin alındığı aviaşirkət bu cür xoşagəlməz narahatlıqları kompensasiya etməlidir.

Uçuşun yerinə yetirilməməsinin qarşısı təbii fəlakətlər, hərbi əməliyyatlar, siyasi iğtişaşlar, hava limanı işçilərinin tətilləri, hava şəraiti, hava limanında həddindən artıq iş yükü və aviaşirkətdən asılı olmayan digər hallar nəticəsində alınmışdırsa, daşıyıcı sərnişinlər qarşısında məsuliyyət daşımır.

Aviaşirkət, uçuş cədvəlindəki dəyişikliklərlə əlaqədar baş vermiş daşımalarda dəyişikliklər olduqda, səyahətçinin qayğısına qalmağa borcludur (yuxarıda qeyd edildiyi kimi, istisna fors-major hallardır). Belə ki, o, biletdə göstərilən marşrut üzrə daşınması ilə məşğul olduğu müddətdə sərnişinə bütün müddət ərzində xidmət göstərir.

Burada qeyd etmək lazımdır ki, aviaşirkət güclü qar yağması, yəni daşıyıcıdan asılı olmayan səbəblərə görə İstanbulda ləğv edilmiş AZAL reyslərinin bütün sərnişinlərinə reysin uçuşunu rahat gözləmək üçün şərait yaratmağa çalışıb. Onlar yemək və içki ilə təmin olunublar. Uçuş gecikməsi beş saatdan çox olduğu üçün hava limanında olan sərnişinlər oteldə yerləşdirilib.

İstanbul hava limanı havaya qalxmağa icazə verən kimi AZAL sərnişinlərini aviaşirkətin ən böyük geniş gövdəli təyyarəsi - Airbus A 340 ilə Bakıya aparıb.

Ümumiyyətlə, uçuşu gecikən sərnişinlər (fors-major hallar istisna olmaqla) hüququna malikdirlər:

- azyaşlı uşaqlar və onları müşayiət edən sərnişinlər üçün yola salınan hava limanında ana və uşaq otağına giriş;

- uçuş iki saatdan beş saata qədər gecikdikdə sərinləşdirici içkilərin və qəlyanaltıların verilməsi;

- gedişi ləğv etmək istəyən sərnişinə biletin dəyərinin tutulmadan tam qaytarılmasının həyata keçirilməsi;

- gecə saatlarında uçuşun 5 saat gecikməsindən sonra sərnişini (beynəlxalq uçuşu) mehmanxana otağı ilə təmin edən aviaşirkət həm də sərnişinlərin hava limanından mehmanxanaya və geriyə, yemək və içkilərin çatdırılmasını təmin etməyə borcludur. Daimi yaşayış yeri uçuşun gecikmə məntəqəsində olan sərnişinlər reysin növbəti günə təxirə salınması barədə qərar qəbul edilənədək mehmanxana ilə təmin edilmir. Səyahətçinin hər hansı əlavə xərcləri ödənilmir;

- növbəti uçuş üçün təsdiq edilmiş bron şərti ilə tranzit və ya transfer məntəqələrində sərnişinlərə xidmətlərin göstərilməsi (əgər əlaqənin kəsilməsi və ya uçuşun ləngiməsi aviaşirkətin təqsiri üzündən baş veribsə).

Tranzit reyslərdə bu qeyri-adi deyil - aviaşirkətin günahı üzündən sərnişin tranzit reysi buraxdı. Bu halda aviaşirkət növbəti mövcud reyslər üçün onun biletini yenidən verəcək və ya sərnişinə son təyinat yerinə alternativ marşrut təqdim edəcək.

Bütün sərnişin marşrutu bir biletlə alınarsa, daşıyıcı bütün bunları həll edəcək. Bununla belə, onun təqsiri üzündən reysin gecikdirilməsi/ləğv edilməsi səbəbindən bir biletin uçuş marşrutunda göstərilməyən digər aviaşirkətin reysi ilə tranzit əlaqəsi pozulduqda, daşıyıcı sərnişin qarşısında məsuliyyət daşımır.

İndi siz hər şeydən xəbərdarsınız ki, uçuşun gecikməsi/ləğv edilməsi halında ilk növbədə hansı addımların atılması lazımdır.

Həmişə gəzməkdə! 

AviaTravel