10 Yanvar 2022, 10:41

Uşaqlarla uçanda "ağlınızı itirməmək" üçün - AZAl və Buta Airways bələdçilərinin MƏSLƏHƏTLƏRİ

Uşaqlarla uçanda

Hiperaktiv uşaqla təyyarədə uçmaq, deyəsən bu fikir özü sizdə artıq narahatlıq hissi yaratdı. Təsəvvür edin ki, iki qoltuq arasında sıxılmış narahat uşağın da qıcıqlanması artır.

Ancaq ümidsiz olmayın - aviasiyada bu vəziyyətin öhdəsindən gəlməyə kömək edə biləcək bir kateqoriya insanlar var. Xeyr, bunlar psixoloqlar deyil, baxmayaraq ki, müəyyən mənada bu peşənin öhdəsindən də gələ bilərlər. Bunlar təyyarə bələdçiləridir.

Aviatravel valideynlərin övladları ilə təyyarədə necə davranması ilə bağlı məsləhət almaq üçün AZAL və Buta Airways-in bələdçilərinə müraciət edib. Odur ki, özünüzün (və ətrafınızdakıların) əsəblərini mümkün qədər qorumaq niyyətindəsinizsə, o zaman bələdçilər Samirə Bağırova (AZAL-ın baş bələdçisi) və Əfsanə Rzayevanın (Buta Airways-in bələdçisi) paylaşdıqları məsləhətləri oxuyun.

Beləliklə:

1. Uçuşdan əvvəl uşağınızla danışın, onu səfərə hazırlayın. Həmçinin (əgər bu uşağın ilk uçuşudursa) "Təhlükəsizlik kəmərini bağlayın" işıq tablosunun nə demək olduğunu izah edin. Uçuş, eniş zamanı və turbulentlik zonalarında təhlükəsizlik kəmərlərinin bağlanması tələbi oturacağı olmayan uşağa da şamil olunacaq: bələdçilər ona valideynə taxılan əlavə təhlükəsizlik kəməri verəcəklər.

2. Uşaqlar valideynlərinin duyğularına həssasdırlar, buna görə böyüklər sakit olmağa çalışmalıdırlar. Uşaqlar sizin neqativ emosiyalarınızı düşünüldüyündən daha tez tuturlar. Sakit olun və uşağı məşğul saxlamaq üçün ondan, məsələn, pəncərənin arxasındakı mənzərələri təsvir etməsini xahiş edin. Və ya onu əvvəllər telefona yüklənmiş cizgi filminə və ya hər hansı videoya  birlikdə baxmağa dəvət edin. Geri qayıdarkən, onları səyahətlə bağlı sevimli xatirələrini çəkməyə də ruhlandıra bilərsiniz.

3. Uşağı maraqlandıra biləcək və diqqətini yayındıra biləcək şeyləri özünüzlə təyyarəyə götürün. Bunlar rəngləmə kitabları, kiçik oyunlar, oyuncaqlar, karandaşlar və rəsm kağızıdır. Çox güman ki, onun əvvəllər və ya bu yaxınlarda oxumadığı, oynamadığı bir şey olmalıdır. Yeni və fərqli oyuncaqları kəşf etmək onun üçün daha maraqlı olacaq.

Uzun uçuşda uşaqları əvvəlcədən hazırlanmış kiçik bir hədiyyə verməklə yaxşı davranışlarına görə mükafatlandırın.

4. Uşaqlarla uçarkən, erkən və ya gecə uçuşlarını seçməyə çalışın, onların uçuşun çox hissəsini və ya bütün uçuşu yatmaq şansı daha çoxdur. Ardıcıl uçuşlardan çəkinin və ya minimuma endirin. Daha az səyahət vaxtı uçuş zamanı daha az isterika şansı deməkdir.

5. Uçuş zamanı təzyiqin düşməsi uşaqların qulaqlarında ağrılı hisslər yaradır. Eniş və ya qalxma kiçik qulaqlara təsir edir, narahatlığa səbəb olur.

Uşaqlarla səyahət edərkən özünüzlə çeynəmək üçün bir şey götürün və ya uçuş və eniş zamanı onlara içki və ya körpələr üçün əmzik verin. Beləliklə, hündürlük onların qulaqlarına daha az təsir edəcək. Uşaqlardan əsnəməyə cəhd etmələrini xahiş edin, bu da qulaqlardakı narahatlığı azaldacaq.

6. Uşaq turbulentlikdən qorxur?! Həddən artıq həyəcanlanır, qışqırır və narahatdır? Bunlar təbii hisslərdir, bu qorxuya görə onu utandırmayın, daha çox stress keçirməməyə çalışın. Onu qucaqlayın, səbirli olun və körpəni sakitləşdirməyə çalışın. 

Azərbaycan aviaşirkətləri uşaqlarla səyahət edən sərnişinlərə nə təklif edir?

Azərbaycan Hava Yolları:

- Təyyarənin salonunda ayrıca oturacaq təmin etmədən valideynlərinin qucağında səyahət edən 2 yaşınadək uşaqlar üçün üç ölçü cəmində çəkisi 10 kq-dan çox olmayan və ölçüləri 115 sm-dən çox olmayan baqajın daşınması hüququ təmin edilir.

- Uşaq arabaları ciddi şəkildə baqaj bölməsində daşınır və müəyyən edilmiş baqaj normasından artıq pulsuz olaraq daşınmağa qəbul edilir.

- Aviaşirkətin beynəlxalq reyslərində 2 yaşa qədər uşaqların daşınması üçün ödəniş onu müşayiət edən böyük sərnişinin gediş haqqına 90% endirimlə həyata keçirilir. 2 yaşdan 12 yaşa qədər uşaqların daşınması üçün ödəniş mövcud tarifdən 25% endirimlə həyata keçirilir.

- Aviaşirkətin daxili reyslərində uşaqların daşınmasına görə ödəniş Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş güzəştlərlə həyata keçirilir. Bu reyslərdə sərnişinin Nazirlər Kabinetinin qərarına uyğun olaraq pulsuz daşınmasına icazə verilmiş yalnız bir uşağı ayrıca oturacaq təqdim etmədən daşımaq hüququ vardır.

- Uçuşun başlamasına ən azı 24 saat qalmış aviaşirkətin zəng mərkəzinə müraciət edərək uşaq qidalarını pulsuz sifariş edə bilərsiniz.

Uşaq qidasının növləri: CHML - uşaq üçün xüsusi uşaq menyusu və BBML - bütün keyfiyyət standartlarına cavab verən tərəvəz və meyvə əsasında 2 yaşa qədər uşaqlar üçün xüsusi qidadır.

Buta Airways:

- Aviaşirkətin beynəlxalq reyslərində 2 yaşa qədər uşaqların daşınması üçün ödəniş onu müşayiət edən böyük sərnişinin gediş haqqına 90% endirimlə həyata keçirilir.

- 2 yaşdan 12 yaşa qədər uşaqların daşınması üçün ödəniş endirimsiz həyata keçirilir.

- Uşaq arabaları ciddi şəkildə baqaj bölməsində daşınır və müəyyən edilmiş baqaj normasından artıq pulsuz olaraq daşınmağa qəbul edilir.

- Buta Airways reyslərində siz bir neçə növ uşaq qidasını əvvəlcədən ala bilərsiniz. Siz onu aviabiletin alınması prosesində aviaşirkətin internet saytında, yaxud kassada, həmçinin uçuşun yola düşməsinə ən azı 24 saat qalmış callcenter@butaairways.az ünvanına müraciət edərək əldə  edə bilərsiniz.

Həmişə gəzməkdə! 
 

AviaTravel