23 Noyabr 2021, 13:11

Azərbaycanın milli loukesteri Moskvaya uçuşların sayını artırdı

15 dekabr tarixindən etibarən həftənin çərşənbə günləri də həftəlik reys əlavə olunacaq.
Azərbaycanın milli loukesteri Moskvaya uçuşların sayını artırdı

Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı “Buta Airways” Bakıdan Moskvanın “Jukovski” hava limanına və geriyə yerinə yetirilən xüsusi reyslərin sayını artırır.

Aviaşirkət tərəfindən həftənin cümə günləri “Jukovski” hava limanına yerinə yetirilən uçuşlara əlavə olaraq, 15 dekabr tarixindən etibarən həftənin çərşənbə günləri də həftəlik reys əlavə olunacaq.

Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”. Hər iki tarifə ödənişsiz yer seçimi və hava limanında qeydiyyat daxildir.

Həmin reyslərə biletləri “Buta Airways” aviaşirkətinin rəsmi saytından (“Super” və “Standart” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız “Super” tarifi üzrə) əldə etmək mümkündür.

Aviabiletlərin dəyəri  55 avrodan başlayır.

Pandemiya dövründə qeyd edilən reyslərə  həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir.

Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş  icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunur.

Rusiyaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat aviaşirkətin saytında dərc olunmuşdur: https://www.butaairways.az/az/covid/russia

Rusiyaya səfər edən bütün xarici vətəndaşlar “COVID-19 olmadan səyahət edirik” mobil əlavəsini smartfonlarına yükləməli və PCR-testinin nəticəsini həmin mobil əlavəyə daxil etməlidirlər. 

Azərbaycana giriş qaydaları haqqında məlumatla burada tanış olmaq mümkündür: https://www.butaairways.az/az/covid/azerbaijan
 
PCR-testin mənfi nəticəsi barədə arayışda onun  həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə  kömək edəcəkdir. 

COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.

Teqlər: