19 Noyabr 2021, 10:27

İlk VEQAN helikopterini - Airbus hazırladı

Nüfuzlu iş adamının həyat yoldaşının təkidi ilə şirkət salonun bütün dəri elementlərini dəyişməli olub
İlk VEQAN helikopterini - Airbus hazırladı

Airbus-un helikopter bölməsi Airbus Corporate Helicopters veqanlar üçün təyyarənin ilk versiyasını yaratdı.

Bu həyat tərzinə riayət edən insanlar qida, geyim və həyatın digər sahələrində heyvan mənşəli məhsullardan imtina edirlər.

Altı sərnişin daşıya bilən AHC145 helikopterinin veqan variantını alman inşaat iş adamı Urs Brunnen sifariş edib. İş adamının arvadı təyyarənin məhz bu variantının hazırlanmasına israr edib.

O, geyimləri üçün heyvan materiallarından istifadə etməyən və qazancını heyvanların baxımına bağışlayan Giulia & Romeo moda evinin ortaq sahibidir.

Təyyarənin veqan statusu qazanması üçün oturacaqların bəzək hissəsindəki heyvan dərisi, salondakı əşyalar üçün qutu və arxa arakəsmə, eləcə də pilot kabinəsindəki bəzi elementlər süni əvəzedici ilə dəyişdirilib.

Airbus Corporate Helicopters şirkətinin rəhbəri Frederik Lemos bildirib ki, məhdudiyyətlər çərçivəsində kabinənin hazırlanması işçilər üçün əsl problemə çevrilib.

Onun sözlərinə görə, seçilmiş material aviasiyada sertifikatlaşdırılıb və aşınmaya davamlıdır. 

Teqlər: