Noyabrın 10-da axşam saatlarında Bakıda müşahidə olunan güclü külək bir sıra digər problemlərlə yanaşı, hava nəqliyyatında da fəsadlar yaradıb.
Belə ki, hadisə şahidlərinin sözlərinə görə, İstanbuldan Bakıya qalxan Türk Hava Yollarına məxsus təyyarənin hava limanına enməsinə güclü külək mane olub.
İstanbul-Bakı reysini həyata keçirən THY təyyarəsinin kapitanı yalnız üçüncü cəhddə Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş etmək qərarına gəlib. Eniş uğurlu olub.
Aeroportdan verilən məlumata görə, əlverişsiz hava şəraitinə baxmayaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu müntəzəm rejimdə işləyir, bütün uçuşlar qrafikə uyğun həyata keçirilir.