22 Oktyabr 2021, 11:32

Oteldə ən çox unudulan əşyalar: onları necə qaytarmaq olar?

Kitabları və ya gündəlik kiçik əşyaları unutmaq adət olsa da, siyahıdakı bəzi əşyalar insanı heyrətləndirir
Oteldə ən çox unudulan əşyalar: onları necə qaytarmaq olar?

Səfərə hazırlaşanda ilk işimiz yola götürəcəyimiz əşyaların siyahısını hazırlamaq olmalıdır. Belə bir siyahı olmayanda isə ya evdə nəyisə unudacağıq (bu əslində o qədər də faciəvi hal deyil, nəinki oteldə qoyub qayıtmaq), ya da getdiyimiz ölkədə. Otellərlə aparılan sorğular nəticəsində otaqlarda unudulan ən maraqlı əşyalar müəyyən edildi. Kitabları və ya gündəlik kiçik əşyaları unutmaq adət olsa da, siyahıdakı bəzi əşyalar insanı heyrətləndirir.
Beləliklə, yaddan çıxarılan əşyaların reytinqi aşağıdakı kimidir.

 

Çimərlik ləvazimatı

Otellərdə qonaqların gedişindən sonra ən çox tapılan onların çimərlik geyimidir. Bu say o qədər çoxdur ki, otellər bunların əksəriyyətinin bilərəkdən qoyulduğunu bildirirlər. Arqument isə odur ki, turistlər, xüsusən də xanımlar eyni çimərlik geyimində gələn dəfə yenə görünmək istəmirlər. Ən azı fotolarda yeni çimərlik paltarını göstərmək istəyi buna imkan vermir.

Günəş eynəkləri

Adətən bu aksesuar tələsik çıxdıqda haradasa dolabçanın üstündə, yaxud vanna otağındakı güzgünün qarşısında qalır. Həmçinin şəxsi gigiyena əşyaları – taraş üçün cihazlar, diş fırçası və məcunu, duş üçün lif və gellər otellərdə qalır. Bunların bəzisi əlbəttə ki, bilərəkdən saxlanılır, çünki yenidən çantaya qoyub daşımağa tənbəllik edirlər.

Heyvanlar üçün qarderob

Heyvanları ilə gəzintiyə çıxanların qaldıqları oteldə mütləq hər hansısa “iz” qoyurlar. Ən çox rast gəlinən isə divan və çarpayının altına düşmüş, heyvanlar üçün olan qarderoblardır.

Diş protezləri

Su ilə dolu stəkanda qoyulmuş diş protezləri maraqlı və məzəli “tapıntı” hesab edilir. Otel işçiləri tez-tez belə “tapıntı”larla rastlaşırlar.

İçərisində geyim olan çamadanlar

Bəziləri tələsik olaraq geyimlərini, hətta bəzən qarderobu ilə dolu çamadanını belə qoyub gedirlər. Belə hallarda həyəcanlanmaq lazım deyil, çünki mehmanxana qaydalarına müvafiq olaraq, bu əşyalar bir il ərzində yaddan çıxan əşyaların saxlandığı xüsusi anbarlara yerləşdirilir.

Bəzək əşyaları

Yatarkən çıxarılan bəzək əşyaları çarpayının yanındakı dolabçanın üstündə yaddan çıxaraq otel əmlakına çevrilə bilər. Oteldə unudulan almaz nişan üzükləri az deyil.

Enerji yükləyiciləri və batareyalar

Enerjidoldurma qurğularına boşaldılan otağın hər birində rast gəlmək mümkündür, çünki smartfonlar və noutbuklar oteldən çıxanadək qidalandırıcı blokda olur, yalnız yola düşən anda baqaja qoyulur.

Saçqurudan və su qaynatma cihazı

Elə hallar da olur ki, otel xidmətçiləri müsafirlərin yaddan çıxardıqları saçqurudan və su qaynadan cihazı aşkarlayırlar. Xırda şey olsa da, belə aksesuarların itməsi sahibinə mənzilbaşına çatdıqda xoşagəlməz anlar yaşadır.

Dərmanlar

Adətən istirahət zamanı dərmanlar çarpayının yanındakı dolabçalarda, yaxud vanna otağındakı rəflərdə saxlanılır. Çox vaxt geriyə dönəndə bu gözdəniraq yerlərə heç kim nəzər yetirmir. Müsafirdən sonra isə “otelin dərman qutusu”na tibbi preparatlar əlavə olunur.

Pasport və digər sənədlər

Bu itki təkcə evə çatdıqda “başağrısı” yaratmır, həm də geriyə olan bütün yolu poza bilər. Sənədlərin itkisindən yaxa qurtarmaqdan ötrü onların keyfiyyətli surətlərindən istifadə etmək məsləhətdir.

Kiçik heyvanlar

Bəzi hallarda yerli bazarlardan alınan kiçik heyvanlar da mehmanxana nömrələrində unudulur. Uşaqlar tez-tez tısbağa və ya balıq aldırır, nəticədə bunların tamamilə lazımsız olması məlum olur. Vaşinqtonda otel otağında unudulan ilanı təmizləyicilər belə fərq etməyiblər. Yalnız otağın növbəti qonağı ilanı görüb və xidmətçilərə məlumat verib.

İndi isə oteldə unudulmuş və sahibini geri qayıtmağa məcbur edən bir neçə maraqlı faktı diqqətinizə çatdırırıq.

  • Böyük miqdarda nağd pul – Dubayda sahibinin dərhal otelə qayıtmağına səbəb olub.
  • Nyu Yorkdakı bir oteldə unudulan gəlinlik də sahibini hava limanından otelə qaytarıb.
  • Polis məmuru silahını otel otağında unutduğu üçün təyyarəni buraxmağa məcbur olub.
  • Yapon müştəri İstanbuldakı otel otağında qədim ənənəvi Yakuza qılıncını unudub və buna görə İstanbula gəlməli olub.
  • Dublindəki bir otelin qonağı isə otel otağında anasını unudub. Otel işçiləri müştəriyə telefonla zəng etdikdən sonra o anasını oteldən götürmək üçün hava limanından geri qayıdıb.

 

Oteldə tapılan əşyanın sahibinə qaytarılması proseduru haqqında:

- Tapılan malın sahibi olması iddiası ilə hər hansı bir əlaqə vasitəsi ilə edilən müraciətlər əsasında malların ətraflı təsvirini protokollarla müqayisə edərək razılıq əldə edildikdən sonra aidiyyəti şəxsin ünvanına göndərilə bilər. Adətən bu daha çox həmin əşyaların satışa çıxarılması ilə bağlı elanlardan sonra baş verir.

- Şəxsi müraciət əsasında tapılan mallar barədə məlumatlar müştərinin məlumatları ilə müqayisə edilir və lazımi yoxlamalar aparıldıqdan sonra malın sahibinin imzası müqabilində malların alındığını bildirilərək ona çatdırılır.

- Otelin tapdığı pul və ya digər qiymətli kağız, əşyalar elan verildiyi vaxtdan 5 il ərzində saxlanılır. 5 il keçəndən sonra "alqı-satqı və istismara vermə qaydaları"nın müddəalarına uyğun olaraq satılır və dəyəri müəssisəyə gəlir olaraq uçota alınır. Elan edildikdən sonra əşyanın sahibi tapılarsa, həmin mallarla əlaqədar elanın dəyəri mal sahibindən alınır.

Beləliklə, çalışın heç nəyi unutmayın ki, səfər ovqatınız korlamasın. Həmişə gəzməkdə! 

Teqlər: