6 Oktyabr 2021, 18:23

QALİB ÖLKƏDƏN JEST: AZAL-ın Ermənistanın hava məkanından ilk uçuşu və bölgədəki yeni reallıqlar

Azərbaycan qərb qonşusu ilə nəqliyyat əlaqələrini açmaq üçün real addım atdı
QALİB ÖLKƏDƏN JEST: AZAL-ın Ermənistanın hava məkanından ilk uçuşu və bölgədəki yeni reallıqlar

Azərbaycan Hava Yollarının (AZAL) Bakıdan Naxçıvana sərnişin uçuşları həyata keçirmək üçün Ermənistanın hava məkanından istifadə etməsi xəbəri günün əsl sensasiyasına çevrildi.

Heç bir "açılışdan" söhbət getmir 

Bir sıra xarici KİV-lər bunu "Ermənistan Azərbaycana hava məkanı açdı", başlığı altında dərc etməyə üstünlük verdilər. Əslində bu, heç də belə deyil - Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) qaydalarına görə, bölgənin hava məkanı və bütün hava dəhlizləri uçuşlar üçün açıqdır. Buna sübut olaraq, Türk Hava Yollarının Bakıdan Türkiyəyə uçuşları və Rusiyanın İrAero şirkəti tərəfindən həyata keçirilən Gəncə-Naxçıvan uçuşlarının ötən illər ərzində Ermənistan ərazisi üzərindən həyata keçirildiyini göstərmək kifayətdir.

Sadəcə, Azərbaycan məlum səbəblərə görə uzun illər bu marşrutdan istifadə etmədi. Həmçinin, Ermənistanın mülki təyyarələri Azərbaycanın hava məkanında dəhlizlərdən istifadə edə bilərdi, amma etmədilər. Deməli, xüsusən Ermənistan tərəfdən hər hansı bir "yenilik"dən, "addım"dan söhbət gedə bilməz.

Müharibənin bitməsi ilə bölgədəki uçuş təhlükəsizliyinə yanaşma da dəyişdi və beynəlxalq konvensiyalara uyğun olaraq hava məkanı üzərində uçuşlar həyata keçirir.

Bu addım nəyi göstərir?

Azərbaycanın Vətən Müharibəsində qələbəsinin elan olunmasından və Rusiyanın vasitəçiliyi ilə münaqişə tərəfləri arasında üçtərəfli müqavilənin imzalanmasından təxminən bir il keçir. Bu sənədin vacib məqamlarından biri də tərəflərin bölgədəki bütün nəqliyyat kommunikasiyalarını blokadadan çıxarmaq öhdəliyidir.

Amma buna baxmayaraq, indiyə qədər Ermənistan bu istiqamətdə heç bir təsirli addım atmayıb - bəli, baş nazir Nikol Paşinyan ölkəsinin buna hazır olduğunu dəfələrlə bəyan edib, lakin bu gün üçün bunlar yalnız sözlərdir. Kommunikasiyaların blokadadan çıxarılması, ilk növbədə, işğalçılıq siyasəti səbəbindən 30 il ərzində ağır blokadada olan Ermənistanın maraqlarına uyğun olardı.

Bu arada Azərbaycan, birmənalı qələbəyə və bölgədəki açıq siyasi, iqtisadi və hərbi üstünlüyünə baxmayaraq, İrandan yüklərin İrəvana getməsi üçün bir fürsət təmin edir ki, bu da qərb qonşumuzun yoxsul iqtisadiyyatına əhəmiyyətli dəstəkdir.

Və Ermənistanın hava məkanından ilk istifadə edən Azərbaycan oldu - bu, ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə bəyan edilmiş Qarabağ münaqişəsinin bitdiyinin növbəti təsdiqi idi.

Beləliklə, aydındır ki, bölgənin inkişafı artıq yeni reallıqlar nəzərə alınmaqla müəyyən edilməlidir və bu halda Azərbaycan qalib ölkə olaraq qonşuları ilə normal ünsiyyət əlaqələrinin qurulması istiqamətində bu gün daha bir vacib jest etdi.

AZAL -ın bəyanatında deyilir: "Bu addım Azərbaycanın bütün sərhəd ölkələrinin maraqlarına cavab verən nəqliyyat kommunikasiyalarını blokadadan çıxarmağa hazır olduğunu nümayiş etdirir".

Bu halda Ermənistandan bir şey tələb olunur - bu faktı minnətdarlıqla qəbul etmək və buna cavab olaraq konstruktiv addım atmaq.

Niyə məhz indi?  

Bir çox xarici KİV-lər AZAL-ın bugünkü xəbərlərini İran tərəfinin Azərbaycanın hərbi aviasiyası üçün Naxçıvana hava dəhlizini bağlamaq barədə dünənki qərarı ilə bağlı açıqlaması ilə izah edirlər. Ancaq Azərbaycan mətbuatı müdafiə sektorundakı mənbələrə istinadən bu qadağanın respublikanın silahlı qüvvələrinin həmin bölgədə yerləşdirilmiş bölmələrinin təchizatına təsir etməyəcəyini bildirdi.

Daha sonra sosial şəbəkələrdə Tehranın guya Bakıdan Naxçıvana sərnişin uçuşları üçün hava məkanını bağladığı barədə məlumatlar yayıldı. Ancaq sonra səhv olduğu ortaya çıxdı.

Belə ki, mətbuat AZAL-ın Ermənistan ərazisi üzərində həyata keçirdiyi bugünkü Bakı-Naxçıvan uçuşunu İrana "cavab vermək" reaksiyası kimi  qələmə verdi.

Eyni zamanda, Azərbaycan Hava Yolları öz bəyanatında Ermənistan və İrandan keçən marşrutların paralel olaraq istifadə olunacağını xüsusi olaraq vurğuladı. "Bundan sonra AZAL bu uçuşu həyata keçirərkən, mövcud olan bütün hava dəhlizlərindən istifadə edə biləcək", - aviaşirkətin mətbuat xidmətinin məlumatında deyilir. Bunun təsdiqi olaraq, bu gün Naxçıvana ikinci uçuş İranın hava məkanı üzərindən baş tutdu.

Ancaq yuxarıda göstərilən İran faktorunu nəzərə alsaq belə, hər şey olduqca məntiqlidir - Azərbaycana bir növ sanksiya üsulları ilə təsir etmək cəhdləri uğursuzluğa məhkumdur. Bugün Azərbaycanın bölgədəki siyasi və iqtisadi mövqeyi elədir ki, ölkə heç bir şəkildə başqa heç bir dövlətdən asılı deyil.

Üstəlik, Azərbaycanın bu jesti Ermənistana tranzit ölkəyə çevrilmək imkanı yaradır və İranın hava məkanından istifadə etməyə ehtiyacı qalmır. 

Bir sözlə, AZAL-ın bugünkü Bakı-Naxçıvan reysi böyük ehtimalla bütün bölgənin siyasi və iqtisadi inkişafında yeni mərhələnin başlanğıcını qoyacaq tarixi hadisədir.