20 Sentyabr 2022, 10:25

Dünyanın ən qeyri-adi - 7 uçuşu!

Dünyanın ən qeyri-adi - 7 uçuşu!

Hava limanları və hava yolları bu yay ən çətin günlərini yaşadı. COVID-19 ilə başlayan böhran yay mövsümündə özünü daha qabarıq hiss etdirdi. Xüsusilə Avropa və Şimali Amerikada yaşanan xaos həm sərnişinlərə, həm hava yollarına, həm də hava limanlarına təsir edib. Sərnişinlərdən uçuşa 6 saat qalmış hava limanlarına gəlmələri istənildi, bəzən yaranan müxtəlif problemlərə görə hava limanında uzun saatlarla gözləmələr oldu.

Hətta uçuşların ləğvi də boy-boy artdı. Gecikmələrin sayı rekord həddə çatdı. Böhranlar şirkətin top menecmentində də dəyişikliklərə səbəb oldu. İstefalar artdı. Pandemiyadan sonrakı dövrdə sərnişinsiz uçan təyyarələrin hekayələri də ön plana çıxdı. Bəzi təyyarələr sərnişinsiz gediş-dönüş edirdi. Digərləri yalnız uçuş heyəti ilə uçuş etməli oldular. Sektorda tarazlıqların alt-üst olduğu bir vaxtda uzun müddət belə hallar yaşadıq. Bu prosesdə sərnişinsiz kifayət qədər maraqlı uçuşlar olub. Ən maraqlılarını sizə təqdim edirik. 

1) Min baqajı olan sərnişinsiz uçuş

Sektor COVID-19-dan sonra sürətlə bərpa olunmağa başlasa da, ən mühüm axsama baqajda yaşandı. "Delta Air Lines" 1000-ə yaxın itmiş baqajı London Hitroudan Detroyta daşıyıb. 14 iyul 2022-ci ildə baş verən bu maraqlı hadisə aviaşirkətin A330-200 təyyarəsi ilə həyata keçirilib. Və bu uçuş aviaşirkət tərəfindən “Yaradıcı Həll” adlandırılıb. Sərnişinlərin qalan baqajı ayrıca təyyarədə və sərnişinsiz reyslə daşınıb. Bu hadisədən sonra Hitrou Hava Limanı rəsmiləri hava limanının gündəlik sərnişin sayını 2 ay ərzində 100 minlə məhdudlaşdırıb.

2) Epidemiyanın evakuasiya uçuşları

COVID-19 ilə ölkələr sərhədlərini bağladı. Uçuşlar dayandırıldı. Bir çox ölkələr müxtəlif ştatlarda qapalı qalan vətəndaşlarını evlərinə gətirmək üçün xüsusi təxliyə uçuşları həyata keçirdi. Azərbaycan Hava Yolları ən uğurlu evakuasiya uçuşlarını həyata keçirən aviaşirkətlərdən biri olub. AZAL evakuasiya uçuşlarında bir neçə xarici ölkədə qalan həmvətənlərimizə dəstək oldu. Milli aviadaşıyıcı pandemiya dövründə müxtəlif ölkələrə təxliyə uçuşu həyata keçirərək, 10 minə yaxın Azərbaycan vətəndaşını evlərinə gətirdi. Bu uçuşlar da adətən gediş zamanı boş, sərnişinsiz keçirilirdi.

3) "Kabus uçuşlar"

Hava yolları epidemiya dövründə həyata keçirə bilmədikləri uçuşlar səbəbiylə illərdir uçduqları hava limanları arasında tarixən əldə etdikləri uçuş hüquqlarını itirməmək üçün boş təyyarələrlə və sərnişinsiz uçuşlar həyata keçirdi. Beləliklə, onlar "slotlar" kimi müəyyən edilən uçuş hüquqlarını saxlaya bildilər. Bununla belə, yaşanan məhdudiyyətlər və pandemiyanın aviasiya sənayesinə təsiri ilə bağlı sərnişin tələbatının azalması nəticəsində hakimiyyət orqanları və hökumətlər “slot” hüquqlarından istifadəni 50 faizə qədər azaltmalı, hətta dondurmaq məcburiyyətində qaldılar. Amma uçuşların kəsilmədiyi, lakin məhdudiyyətlərə görə səyahətlərin azaldıldığı günlərdə aviaşirkətlər boş təyyarələrlə “slot” uçuşlar təşkil edirdi. Bu uçuşlara “kabus uçuşlar” da deyilirdi. Məsələn, bu müddət ərzində Almaniyanın Lufthansa aviaşirkəti 18 min, Belçikanın Brüssel Hava Yolları isə 3 mindən çox boş reys reallaşdırıb. 

4) Ana üçün xüsusi planlaşdırılmış uçuş

ABŞ-ın Florida ştatında təqaüdçü pilot Meri MakKormik 2019-cu ilin iyul ayında pilot oğlu Rayan Makkormikin kabinədə olacağı təyyarəyə bilet alıb. Lakin işlər planlaşdırıldığı kimi getmədi. Ananın bilet aldığı və oğlunun uçacağı təyyarə 7 saat gecikib. Bundan sonra bütün sərnişinlər biletlərini əvvəlki uçuşlara dəyişdilər. Yalnız ana McCormick biletini dəyişmədi. Belə ki, ana təyin olunmuş reysdə sərnişin oturacağında tək oturarkən, onun oğlu pilot Rayan pilot kabinəsində uçuşa başlayıb. Uçuşun sonunda ana və oğul kokpitdə xatirə şəkli çəkdirərək bu uçuşu əbədiləşdiriblər.

5) Ərəb şahzadəsinin sərnişin “şahinləri”

Səudiyyə Ərəbistanı şahzadəsi Birləşmiş Ərəb Əmirliklərinə təyyarə səfəri zamanı özü ilə aparmaq istədiyi 80 şahin və onların baxıcıları üçün bilet alıb. Şahzadə təyyarədəki bütün yerlərin pulunu ödəyib biletləri alandan sonra digər sərnişinlərin bu təyyarədə uçmaq şansı yox idi. Belə ki, bu planlaşdırılmış uçuşu şahinlər və onların baxıcıları müşayiət edirdi. Təyyarədə ev heyvanlarını daşımağın belə problem yarada biləcəyi düşünülsə də, Etihad, Emirates və Qətər kimi hava yolları Körfəz ölkələrində çox sevilən bir heyvan olan şahinlər üçün müəyyən sayda yırtıcı quşun təyyarələrdə daşınmasına icazə verir.

6) Sərnişin təyyarələri ilə yük uçuşları

Epidemiya zamanı ölkələr sərhədlərini bağladılar. Çox məhdud səyahətə icazə verildi. Bu hadisələrlə əlaqədar hava yolları sərnişin tapa bilmədi. Quru sərhədləri bağlı olduğundan həyati vacib yüklərin daşınması da çətinləşdi. Bu, aviaşirkətlərə ciddi təsir etdi. Lakin ən çox təsirlənən səhiyyə sektoru, tibbi ləvazimatlara ehtiyacı olan ölkələr oldu. Hava yolları da müxtəlif materialları, xüsusilə ölkələrin dərman və tibbi avadanlıq ehtiyaclarını sərnişin təyyarələrinin salonunda daşımağa başladı. Mövcud yük təyyarələri yetərli olmadığı zaman yükdaşımalarda sərnişin təyyarələrindən istifadə iqtisadi böhrana düşən şirkətlərə də maliyyə dəstəyi verirdi. Aviaşirkətlər təyyarənin kabinəsinin altındakı yük sahəsi ilə yanaşı, xüsusilə də sərnişin oturacaqlarına tibbi avadanlıq qutuları qoyaraq sərnişinsiz uçuşlar həyata keçirdi. Bundan başqa, bəzi şirkətlər sərnişin təyyarələrinin oturacaqlarını qaydalara uyğun olaraq söküb, uzun müddət yük reyslərində istifadə ediblər. Belə ki, sərnişin təyyarələri uzun müddət sərnişinsiz uçuşlar həyata keçirməli oldu.

7) Donanmaya yeni qoşulan təyyarə tək uçur!

Aviaşirkətlər öz donanmalarını daim gücləndirir, genişləndirir və yeniləyir. Bu səbəbdən təyyarələrin sifarişi, yeni təyyarələrin təhvil verilməsi, köhnələrinin donanmadan kənarda qalması hər zaman gündəmdədir. Aviaşirkətin sifariş etdiyi təyyarənin çatdırılma tarixi yaxınlaşdıqda, istehsalçı və ya müvafiq şirkət bütün prosedurları tamamladıqdan sonra təyyarə aviaşirkətə təhvil verilir. Lakin bu təyyarə qaydalara görə yeni evinə ilk uçuşunu boş edir. Növbəti təyyarələr həmişə yeni evlərinə boş uçurlar. Daha sonra qeydiyyatdan keçəcəyi ölkədə əməliyyatlar edilərək kommersiya və sərnişin uçuşları üçün hazırlanır.

AviaTravel