Rusiyanın “Aeroflot” aviaşirkəti 16 milyard dollar dəyərində “yerli istehsalı olan təyyarələr” alacaq. Sanksiyalar səbəbiylə çətin günlər keçirən Aeroflot, 339 yeni təyyarə almaq üçün 1 trilyon rublluq müqavilə imzalayıb.
Şərq İqtisadi Forumu çərçivəsində imzalanan saziş çərçivəsində Rusiyada istehsal olunacaq 210 MS-21, 89 Superjet-NEW və 40 Tu-214 təyyarələrinin alınması planlaşdırılır. Mövzunu işıqlandıran RBC qəzeti müqavilə çərçivəsində ilk təyyarə təhvilinin 2023-cü ildə reallaşacağını yazıb. Bütün çatdırılmaların tamamlanması 2030-cu ilə qədər davam edəcək.
Təslim ediləcək ilk təyyarənin Superjet-NEW modelləri olacağı, MS-21 və Tu-214 tədarüklərinin isə 2024-cü ildən başlayacağı bildirilir. Qəzet həmçinin qeyd edir ki, sözügedən məbləğ Rusiya aviasiya sənayesi tarixində rekord göstəricidir. Hazırda Rusiyada “Aeroflot” brendi ilə uçan təyyarələrin sayı 183-dür. Şirkətə bağlı “Rossiya” və “Pobeda” brendlərinin də ümumilikdə 170 təyyarəsi var.