Bloomberg yazır ki, Rusiyanın enerji resurslarını silah kimi istifadə etməsi təyyarə yanacağının qiymətlərinin artmasına təkan verib, bu isə qarşıdan gələn Milad bayramında aviabiletlərin bahalaşmasına səbəb olacaq və avropalı səyahətçilər bundan təşvişə düşüblər.
Eyni zamanda, Rusiyanın özündə qış uçuşları üçün aviabiletlərin satışında bum müşahidə olunur. Aviaşirkətlərin ümumi əməliyyat xərclərinin təxminən dörddə birini təşkil edən təyyarə yanacağının qiyməti isə havaya qalxır. Bu ilki artım xam neft qiymətlərindəki artımdan iki dəfədən çox olub və enerji bazarlarında yaranan fasilələrdən sonra hava nəqliyyatına artan tələbatı əks etdirir.
Rusiyanın Avropaya təbii qaz tədarükünü məhdudlaşdırmaq strategiyası tam enerji böhranına səbəb olub və istilik, sənaye və elektrik istehsalı üçün istifadə oluna bilən dizel yanacağına tələbatı artırıb. Bu, dizel yanacağı ilə eyni növ yağdan hazırlanan təyyarə yanacağının qıtlığını yaradır. Britaniyanın OAG aviasiya məlumat agentliyinin Asiya üzrə rəhbəri Mayur Patel, "Asiyadan Avropa və Amerikaya aviabiletlərin qiyməti məhdud tutum, həmçinin reaktiv yanacaq qiymətlərinin artması səbəbindən pandemiyadan əvvəlki səviyyədən ən azı iki dəfə artıb", - deyib.
Onun sözlərinə görə, təyyarə yanacağının qiymətlərindəki sıçrayış enerji böhranının ən kəskin olduğu Avropada daha çox nəzərə çarpır, təxminən 56%.
Sənaye məsləhətçisi Wood Mackenzie Ltd-nin baş analitiki Daphne Ho bildirib ki, ilin sonunda səyahətə olan tələbatın artması və istilik üçün kerosin istehlakının çoxalması təyyarə yanacağının qiymətlərini daha da yüksəldəcək. Şimal yarımkürəsində qışda adətən tələbatın pik həddə çatdığı bir vaxtda dizel ehtiyatları artıq kritik dərəcədə aşağıdır. Bu da öz növbəsində aviasiya yanacağının daha da böyük çatışmazlığına gətirib çıxaracaq ki, bu da aviabiletlərin qiymətini bahalaşdıracaq.
ABŞ-ın səyahət sifarişi proqramı Hopper-in aparıcı iqtisadçısı Hailey Berg, "Biz bayram səyahətlərinə artan tələbatın və yanacağın qiymətlərinin artmasının noyabr və dekabr aylarında aviabiletləri artıracağını gözləyirik" deyib. Onun sözlərinə görə, aviabiletlərin qiymətləri 2019-cu ilin səviyyəsi ilə müqayisədə 20% arta bilər.