Dünyanın aparıcı aviasiya məlumatları və təhlili təminatçısı olan Official Aviation Guide (OAG) dərc etdiyi "Dünyanın ən işlək hava limanları" hesabatına görə, İstanbul Hava Limanı avqustda 14-cü yerdən 5-ci yerə yüksələrək dünyanın ən işlək 10 beynəlxalq hava limanı arasında yer alıb.
İstanbul Hava Limanı operatoru İGA tərəfindən edilən şərhdə, OAG tərəfindən nəşr olunan və hər ay yenilənən hesabatın ümumi hava yolu tutumu nəzərə alınmaqla hazırlandığı ifadə edildi.
OAG-nin "Dünyanın ən işlək hava limanları" hesabatına görə, 2022-ci ilin avqust ayında, oturacaqların sayına görə ən işlək hava limanının ABŞ-dakı Atlanta Hartsfield-Jackson Beynəlxalq Hava Limanı olduğu açıqlandı. Atlanta Hartsfield-Jackson Beynəlxalq Hava Limanından sonra Birləşmiş Ərəb Əmirliklərinin Dubay Beynəlxalq Hava Limanı və ABŞ-ın Dallas Fort Worth Beynəlxalq Hava Limanı gəldi. Yaponiyanın paytaxtında yerləşən Tokio Beynəlxalq Hava Limanı siyahıda dördüncü, İstanbul Hava Limanı isə beşinci yerdə qərarlaşıb. Bu sıralama ilə İstanbul Hava Limanı dünyanın ən işlək 10 beynəlxalq hava limanı arasındadır.
Xəbərdə İstanbul Hava Limanının 14-cü yerdən 5-ci yerə yüksəldiyi, ABŞ-ın Çikaqo O'Hare Beynəlxalq Hava Limanı və Denver Beynəlxalq Hava Limanının isə 6-7-ci yerləri tutduğu bildirilib. Siyahıda Los Anceles Beynəlxalq Hava Limanı 9-cu, İngiltərənin paytaxtında yerləşən London Hitrou hava limanı isə 8-ci yerdə qərarlaşıb. Siyahıda 10-cu yeri Fransanın paytaxtı Paris Şarl de Qoll hava limanı tutub.