Almaniyanın Ver.di həmkarlar ittifaqının çağırışı ilə “Lufthansa” aviakompaniyasının yerüstü personalının çərşənbə günü səhər saatlarında başlayan tətili aviasiya daşıyıcısının uçuşlarını böyük ölçüdə iflic edib.
DPA agentliyi bu barədə tətilin təşkilatçısı Marvin Reşinskiyə istinadla məlumat yayıb.
“Lufthansa” Frankfurt-Mayn və Münhen şəhərlərindəki mərkəzlərində mindən çox uçuşu ləğv edib. Təxminən 134 min sərnişin səyahət planlarını dəyişmək və ya tamamilə ləğv etmək məcburiyyətində qalıb. Aviakompaniyanın rəhbərliyi tətilin nəticələrinin cümə gününə - Bavariyada yay tətili öncəsi son dərs gününə qədər davam edəcəyindən ehtiyatlanır.
Ver.di həmkarlar ittifaqının məlumatına görə, “Lufthansa” aviakompaniyasının əməkdaşları yerli vaxtla səhər saat 03:45-dən Frankfurt-Mayn və Münhen hava limanlarında, həmçinin Berlin, Bremen, Hamburq, Hannover, Düsseldorf, Köln və Ştutqartda tətillərə başlayıb. Tətilin cümə axşamı yerli vaxtla saat 06:00-dək davam edəcəyi planlaşdırılır.
Ver.di həmkarlar ittifaqı 20 min işçinin qatıldığı tətillərin nəticəsi olaraq əmək şəraitinin yaxşılaşdırılması və maaşların artırılması üçün aviakompaniya ilə danışıqlarda irəliləyiş əldə edəcəyini gözləyir.