FT: Avropanın hava nəqliyyatında böhran bir neçə il davam edəcək

FT: Avropanın hava nəqliyyatında böhran bir neçə il davam edəcək

Avropanın hava nəqliyyatı sənayesində koronavirus pandemiyasının nəticələrinin yaratdığı böhran daha bir neçə il davam edə bilər. Bu barədə çərşənbə axşamı Britaniyanın "Financial Times" qəzeti yazıb.

"Koronavirus pandemiyası bərpası bir neçə il çəkəcək sənaye təchizat zəncirini pozdu. Hava səyahətlərində böhran sabah bitməyəcək", - Qatar Airways-in baş direktoru Əkbər əl-Baker nəşrə müsahibəsində deyib.

Oxşar fikri Avropanın Airbus təyyarə istehsalı konsorsiumunun rəhbərliyi də bölüşür. Şirkət hesab edir ki, “xammal, komponentlər, ehtiyat hissələri və elektronika təchizatı ilə bağlı problemlər gələn il də davam edəcək”.

Qatar Airways-in məlumatına görə, daşımalarla bağlı böhran vəziyyəti hava limanlarında kadr çatışmazlığı ilə əhəmiyyətli dərəcədə mürəkkəbləşir və onu qısa müddətdə doldurmaq çətindir. Aviaşirkətin baş direktoru bildirib ki, bu problem bütün Avropada “sistemikdir”.

Bu yay bir sıra Avropa ölkələrində hava nəqliyyatı sahəsində ciddi problemlər yaşanır. Almaniya, Fransa, Böyük Britaniya, İrlandiya və Norveçdə aprelin əvvəlindən ümumilikdə on minlərlə uçuş ləğv edilib, aviaşirkətlər yüz milyonlarla dollar itkilər qeydə alır, media isə saatlarla gecikmələr və hava limanlarında növbələrdən yazır. Böhranın əsas səbəbi, koronavirus pandemiyası zamanı on minlərlə işçinin ixtisar edildiyi sənayedə işçilərin çatışmazlığıdır. Vəziyyəti Avropada artan əmək haqqı və iş şəraitinin yaxşılaşdırılmasını tələb edən hava limanı işçiləri və təyyarə heyətlərinin davam edən tətilləri daha da gərginləşdirir.