Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurasının çərşənbə axşamı, iyulun 19-da dərc olunan hesabatına əsasən, Minskə enən Ryanair reysinin göyərtəsindəki bomba ilə bağlı qəsdən yalan məlumat verildiyi və təhlükəsizliyə təhdid yaratdığı müəyyən edilib.
Bu barədə “İzvestiya” yazır. Bundan başqa, məlum olub ki, laynerin göyərtəsindəki bomba haqqında məlumat Belarus hakimiyyətinin göstərişi ilə ekipaj üzvlərinə verilib.
“ICAO Şurası Ryanair-in FR4978 reysinə yerləşdirilən bomba xəbərinin qəsdən yalan olduğunu və onun təhlükəsizliyinə təhdid yaratdığını bəyan edir. Bu məlumat Belarus hökumətinin yüksək vəzifəli şəxslərinin göstərişi ilə uçuş heyətinin diqqətinə çatdırılıb”, - deyə sənəddə qeyd olunur.
Hadisə 2021-ci il mayın 23-də baş verib. Afinadan Vilnüsə uçan təyyarəsinin göyərtəsində müxalif Nexta Telegram kanalının keçmiş baş redaktoru Roman Protaseviç və rusiyalı Sofiya Sapeqa olub. Enişdən dərhal sonra hər ikisi Belarus təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. 2021-ci ilin dekabrında Belarus İstintaq Komitəsi rusiyalı qadına qarşı Cinayət Məcəlləsinin 7 maddəsi, o cümlədən nifrət və nifaq salma, şəxsi həyatla bağlı məlumatların qanunsuz toplanması və yayılması kimi ittihamlar irəli sürüb.
Müstəntiqlərin fikrincə, Sofiya Sapeqa “Belarus Qara Kitabı” Teleqram kanalının administratoru olub. O, ölkədə təhlükəsizlik işçiləri və onların ailələrinin şəxsi məlumatlarını dərc etdiyi üçün ekstremist kimi tanınıb. 6 may 2022-ci ildə qadına 6 il həbs cəzası verildi.
Belarus prezidenti Aleksandr Lukaşenko Ryanair təyyarəsində bombanın olması ilə bağlı siqnalın İsveçrədən gəldiyini bildirib. Onun sözlərinə görə, bomba ilə bağlı mesajdan sonra guya nə Vilnüs, nə Varşava, nə Lvov, nə də Kiyev təyyarəni qəbul etmək istəməyiblər. Lukaşenko iddia edib ki, o, “bütün beynəlxalq qaydalara uyğun olaraq, qanuni fəaliyyət göstərib, insanları müdafiə edib”.