8 İyul 2022, 14:42

AZAL-ın prezidenti Qətərin səfiri ilə görüşdü

AZAL-ın prezidenti Qətərin səfiri ilə görüşdü

AZAL-ın prezidenti Cahangir Əsgərovun Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşü zamanı iki ölkə arasında mülki aviasiya sahəsində uğurlu tərəfdaşlığın möhkəmləndirilməsi məqsədilə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
 
Səfirlə görüşdə Cahangir Əsgərov ölkələrimiz arasında mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlığın uğurlu inkişafından məmnunluğunu ifadə edib.

Onun sözlərinə görə, Azərbaycanla Qətər arasında hava əlaqəsi iki ölkənin turizm potensialının genişləndirilməsi və iqtisadi əməkdaşlığın inkişafı çərçivəsində mühüm rol oynayır.
 
«Hazırda “Qatar Airways” aviaşirkəti Doha-Bakı-Doha istiqamətində həftədə yeddi reys həyata keçirir. Həmçinin cari ilin noyabr-dekabr aylarında Qətərdə futbol üzrə Dünya Çempionatının keçiriləcəyi dövrdə aviadaşıyıcının bu marşrut üzrə həftəlik reyslərinin sayının artırılacağı gözlənilir», - deyə Cahangir Əsgərov qeyd edib.
 
Səfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf edəcəyinə və ölkələr arasında işgüzar və turizm əlaqələrinin möhkəmlənməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.