8 İyul 2022, 11:57

Qahirə ilə Bakı arasında müntəzəm sərnişin və yük reysləri müzakirə edilib

Qahirə ilə Bakı arasında müntəzəm sərnişin və yük reysləri müzakirə edilib

AZAL-ın prezidenti Cahangir Əsgərovun Misirin Azərbaycandakı səfiri Hişam Mohammed Naqi Abdel Hamid ilə görüşündə mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığın gündəliyinə dair fikir mübadiləsi aparılıb.
 
Görüş zamanı Cahangir Əsgərov Misir səfirini təyin olunması münasibətilə təbrik edib və gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.
 
AZAL-ın prezidenti ölkələr arasında müntəzəm hava əlaqəsinin olduğunu bildirib. Hazırda Misirin “Air Cairo” aviaşirkəti həftədə bir dəfə Bakı şəhərindən Qırmızı dənizin sahilində yerləşən Şarm-əş-Şeyx kurort şəhərinə və geri istiqamətdə uçuşlar yerinə yetirir.
 
Səfir Hişam Mohammed Naqi Abdel Hamid Cahangir Əsgərova təşəkkürünü bildirib və iki ölkənin turizm potensialının genişləndirilməsi məqsədilə mülki aviadaşımalar sahəsində tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, iki ölkə arasında hava əlaqəsinin genişləndirilməsində və Qahirə ilə Bakı arasında müntəzəm sərnişin və yük reyslərinin yerinə yetirilməsində maraqlı olduğunu bildirib.
 
AZAL-ın prezidenti Cahangir Əsgərov Bakı ilə Qahirə arasında sərnişin və yük daşımalarının həyata keçirilməsi, həmçinin Şarm-əş-Şeyx – Bakı - Şarm-əş-Şeyx marşrutu üzrə uçuşların sayının artırılması məsələlərində maksimum yardım göstəriləcəyini qeyd edib.
 
“Qahirədən Bakıya sərnişin reysləri açıldığı təqdirdə, Heydər Əliyev Beynəlxalq Aeroportunda “Air Cairo” aviaşirkətinə hava limanı tərəfindən müəyyən edilmiş qaydada endirimlər tətbiq olunacaq”, - deyə Cahangir Əsgərov qeyd edib.