Avropanın ən böyük şirkəti ucuz biletlərdən imtina etdi

Avropanın ən böyük şirkəti ucuz biletlərdən imtina etdi

İrlandiyanın aşağı büdcəli aviaşirkəti Ryanair ucuz biletlər siyasətindən əl çəkdiyini açıqlayıb. Financial Times xəbər verir ki, bunu Ryanair şirkətinin rəhbəri Maykl Oliri deyib.

Aşağı büdcəli aviabiletlərin qiymətləri hazırkı orta səviyyə olan 40 avrodan 50-60 avroya qaldırılacaq. Ryanair uçuşların qiymətini tədricən artıracaq və bu proses beş ilə qədər vaxtı əhatə edəcək. 

"Mən hər dəfə Londonun Stansted hava limanına uçanda Londonun mərkəzinə qatarla getməyin təyyarə biletindən daha baha olmasını absurd hesab edirəm", - deyə Oliri bildirib.

O qeyd edib ki, biletlərin qiymətinin artmasının əsas səbəbi neftin qiymətinin yüksək olması və ekoloji vergilərin artmasıdır. Nəşr qeyd edir ki, Olirinin bəyanatı aşağı büdcəli aviaşirkətin siyasətində kəskin dəyişiklikdən xəbər verir. Ryanair, baş ofisi Dublində yerləşən İrlandiyanın və Avropanın ən böyük aşağı büdcəli aviaşirkətidir.