Yekaterinburqdan Bakıya birbaşa uçuşların bərpası müzakirə olunur

Yekaterinburqdan Bakıya birbaşa uçuşların bərpası müzakirə olunur

Yekaterinburqdan Bakıya birbaşa uçuşların bərpası planlaşdırılır, - Ural Turizm Assosiasiyasının prezidenti Mixail Maltsev bildirib. Rusiya mətbuatı yazır ki, Maltsevin sözlərinə görə, hazırda uçuşların bərpası ilə bağlı texniki və siyasi məsələlər müzakirə olunur.

İyulun sonunda Ural Turizm Assosiasiyasının prezidenti Azərbaycanın müvafiq nazirlik və qurumların rəhbərləri ilə turizm sahəsində bütün çətinliklərinin aradan qaldırılması ilə bağlı müzakirələr aparmağı planlaşdırır.

“Bakıya istiqamət üzrə yüksək tələbat olardı, bunu ən yaxşı dövrdə üç aviaşirkətin bizi Azərbaycanla birləşdirməsi də təsdiqləyir. Bundan əlavə, Yekaterinburq-Qəbələ - gözəl xizək kurortudur, o, bizim Soçinin analoqudur, baxmayaraq ki, dənizə çıxışı yoxdur”, - Maltsev vurğulayıb.

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan tərəfinin təşəbbüsü ilə 2020-ci il martın 17-dən Yekaterinburq-Bakı aviareysləri dayandırılıb. Uçuşları Rusiyanın “Ural Hava Yolları” aviaşirkəti həyata keçirib.