26 May 2022, 15:29

Polşa aviaşirkəti mayın 28-də Varşavadan Bakıya ilk reysini həyata keçirəcək: "AZAL"da görüş oldu

Polşa aviaşirkəti mayın 28-də Varşavadan Bakıya ilk reysini həyata keçirəcək:

“AZAL”ın prezidenti Cahangir Əsgərovun dəvəti ilə “LOT” aviaşirkətinin baş icraçı direktoru  və İdarə Heyətinin sədri Rafal Milçarskinin (Rafal Milczarski) başçılıq etdiyi Polşa nümayəndə heyəti  mayın 26-da Bakıya işgüzar səfərə gəlib.

“Azərbaycan Hava Yolları”nın ofisində  keçirilən, Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanovanın da iştirak etdiyi görüşdə Cahangir Əsgərov və Rafal Milçarski ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Tərəflər hava əlaqəsinin başlanması münasibətilə bir-birini təbrik edərək, reyslərin davamlı yerinə yetirilməsinə ümid etdiklərini bildirmişlər. İki ölkə arasında uçuşların başlanması turizm axınını artırmağa və Azərbaycanla Polşa arasında işgüzar əlaqələri genişləndirməyə imkan verəcək.

Polşa aviadaşıyıcısı mayın 28-də Varşavadan Heydər Əliyev Beynəlxalq Aeroportuna ilk reysini həyata keçirəcək. Uçuşlar həftədə 4 dəfə yerinə yetiriləcək.

“AZAL”ın prezidenti Cahangir Əsgərov ölkənin bütün yeddi beynəlxalq hava limanında beşinci və yeddinci dərəcəli “hava azadlığı” rejiminin tətbiq olunduğunu xüsusilə xatırladıb. Bu hava azadlığı dərəcələri xarici aviadaşıyıcılara Azərbaycan aviaşirkətləri ilə bərabər hüquqlar təqdim edir və Azərbaycanın hava limanları vasitəsilə tranzit reyslər yerinə yetirmək imkanı verir.

“LOT” aviaşirkətinin rəhbəri Rafal Milçarski Azərbaycan və Polşa arasında reyslərin yerinə yetirilməsinə böyük maraq göstərdiyini qeyd edib. Onun sözlərinə görə, müntəzəm reyslərin yerinə yetirilməsi hər iki ölkənin qarşılıqlı faydalı maraqlarının inkişafına təkan verəcək.

 

Görüşün sonunda qonaqlara beşulduzlu Heydər Əliyev Beynəlxalq Aeroportunun imkanları, xüsusilə, təyyarələrə göstərilən yerüstü xidmət, müxtəlif xidmətlərinin fəaliyyəti və aerovağzal kompleksində sərnişinlər üçün yaradılmış rahat şərait nümayiş etdirilib.