Türkiyənin yeni unikal hava limanından Bakıya birbaşa reys açıla bilər - FOTO

Türkiyənin yeni unikal hava limanından Bakıya birbaşa reys açıla bilər - FOTO

Türkiyə Rizə-Artvin hava limanından Bakıya birbaşa reyslərin açılmasını istisna etmir. Bu barədə şənbə günü Türkiyə hökumətindən məlumat verilib.

Qeyd olunub ki, bu məqsədlə Türkiyə və Azərbaycanın müvafiq qurumları arasında danışıqlar aparıla bilər.

“Rizə-Artvin hava limanının açılışı Türkiyə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir, çünki bu, onun beynəlxalq yükdaşımalarda rolunu gücləndirəcək ki, bu da qardaş Azərbaycanın maraqlarına uyğundur”, - Türkiyə hökuməti bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə gəlib.

Dövlət başçıları Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak ediblər.

Təməli 2017-ci il aprelin 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulan Rize-Artvin Hava Limanı Türkiyədə Ordu-Giresun aeroportundan sonra dənizin doldurularaq inşa edildiyi ikinci, dünyada isə beşinci hava limanıdır.

Rize şəhərinə 34, Artvin şəhərinə isə 125 kilometr məsafədə yerləşən bu aeroport Türkiyənin 58-ci hava limanıdır. Bu hava limanının tikintisi üçün dəniz sahəsinə ümumilikdə 100 milyon ton daşın tökülməsi ilə suyun qurudulması və möhkəmləndirmə işləri aparılıb. Rize-Artvin Hava Limanı ildə təxminən 3 milyon sərnişinə xidmət edəcək.

Müasir tipli böyük təyyarələri qəbul etmək imkanında olan yeni hava limanı müasir standartlara tam uyğundur. Yeni hava limanı dənizə paralel tikilmiş 3045 metr uzunluğunda uçuş-enmə zolağına malikdir.

Ümumi sahəsi 3 milyon kvadratmetr olan Rize-Artvin Hava Limanı Türkiyənin iqtisadiyyatına, o cümlədən turizm sahəsindəki yeni layihələrin həyata keçirilməsinə böyük töhfələr verəcək.

trend.az