Məlum olub ki, bağlanan Atatürk Hava Limanının torpağında tikiləcək milli bağ layihəsi üçün gizli tender keçirilib. Tenderdə kimin nə qədər pul təklifi ilə qalib gəldiyi hələlik məlum deyil.
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, “Atatürk Hava Limanının da boşa getməsinə icazə verməyəcəyik. 2023-cü ildən sonra onu İstanbulun həyatına yenidən inteqrasiya edəcəyik”, deyib.
Nəqliyyat naziri Adil Karaismailoğlu, “Atatürk Hava Limanı hekayəsi bağlandı, getdi. Artıq ərazinin bu şimal-cənub yolu “Millət bağı” kimi fəaliyyətə başlayır. Ekologiya Nazirliyi yer üçün tender etdi, başlayırlar. 2 milyon kvadratmetr sahə olacaq. Beynəlxalq və ölkədaxili terminalların fərqli funksiyası üçün işlər görülür. İnfrastruktur yekunlaşdıqdan sonra bunu da açıqlayacağıq”, söyləyib.
Türk mediası ona diqqət çəkib ki, Türkiyədə milli bağ layihələri üçün tenderləri Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinə tabe olan TOKİ keçirir. TOKİ-nin internet saytındakı “Dəyərləndirilən Tenderlər” bölməsindəki bir çox tender arasında Atatürk Hava Limanı yerinə tikiləcək milli bağ üçün tender yoxdur. Dövlət Satınalmaları Qurumunun tender elanları səhifəsində mövzu ilə bağlı məlumat yoxdur.