“Köhnə” təyyarələrdə uçmaq təhlükəlidirmi? - AZAL pilotunun şərhi

Uçuşun təhlükəsizliyinə ən kiçik şübhə yaradan potensial nasazlıq aşkar edilərsə, təyyarənin qalxmasına icazə verilməyəcək
“Köhnə” təyyarələrdə uçmaq təhlükəlidirmi? - AZAL pilotunun şərhi

Təyyarənin yaşı laynerin uçuş təhlükəsizliyinə təsir göstərir - tamamilə absurd bəyanatdır, 40 ildən artıq uçuş təcrübəsi olan AZAL aviaşirkətinin pilotu Qələndər Abdullayev "Aviatravel"a açıqlamasında bildirib.

Təyyarənin uçuşa yararlılığı onun neçə saat uçuşundan deyil, uçuşunun və texniki istismarının nə qədər bacarıqla təşkil olunmasından asılıdır. İstehsalçı tərəfindən hazırlanmış və Respublika aviasiyası tərəfindən təsdiq edilmiş Texniki Xidmət Proqramları əsasında tamamilə bütün təyyarə sistemlərini əhatə edən, vaxtlı-vaxtında müntəzəm texniki qulluq sayəsində keyfiyyəti qorunub saxlanılan, daşıyıcının etibarlılığı və hava gəmisinin texniki xidmət qabiliyyəti daha önəmlidir. 

“Təyyarənin həmişə əla texniki vəziyyətdə qalması üçün ona texniki qulluq üçün bir çox qaydalar hazırlanıb ki, onların yerinə yetirilməsi zəruri şərtdir. Eyni zamanda, yerinə yetirilən texniki xidmət işlərinin keyfiyyəti, uçuşun istismarı üzrə bütün təlimatlara və bütün işlərin qaydalara uyğun yerinə yetirilməsi müddətlərinə əməl olunması, müvafiq sertifikatlaşdırılmış ehtiyat hissələrinin istifadəsi, reaktiv yanacaqların bütün normalara uyğunluğu və standartlar vacibdir”, - deyə Abdullayev qeyd edib. 

Onun sözlərinə görə, müntəzəm yoxlamalarla yanaşı, hər bir təyyarə havaya qalxmazdan əvvəl aviasiya texnikləri və ekipajı tərəfindən hərtərəfli yoxlanışdan keçir. O əlavə edib ki, təyyarəyə texniki xidmətin bütün bu kompleksi təyyarənin davamlı uçuşa yararlılığını və istismara yararlılığını, uçuşa hazırlığını qorumaq məqsədi daşıyır. Uçuşun təhlükəsizliyinə ən kiçik şübhə yaradan potensial nasazlıq aşkar edilərsə, təyyarənin qalxmasına icazə verilməyəcək, o, daha hərtərəfli yoxlamadan keçəcək.

O qeyd edib ki, dünyanın bütün aviaşirkətləri və ilk növbədə Azərbaycanın hava daşıyıcıları üçün sərnişinlərin təhlükəsizliyi həmişə birinci yerdədir.

“Ümumiyyətlə, təyyarə köhnəlmiş texnika deyil, daim yenilənir. Bütün texniki xidmət tələbləri yüksək səviyyədə yerinə yetirildikdə isə 15-20-30 yaşlı gəmi uçuş təhlükəsizliyi baxımından 5 illik uçuş təcrübəsi olan təyyarə qədər etibarlıdır”, - deyə ekspert pilot əlavə edib.

AviaTravel