THY-dən "Təyyarədə həkim varmı" sualına son qoyacaq tətbiq: Uçan həkim

Şirkət "Uçan həkim" tətbiqi ilə təyyarənin enməsinin qarşısını almağı planlaşdırır
THY-dən

Türk Hava Yolları (THY) sərnişinin xəstələndiyi təqdirdə "Uçan həkim" tətbiqi ilə təyyarənin enməsinin qarşısını almağı planlaşdırır.

THY-nin yeni idarə heyəti və icra komitəsinin sədri Ahmet Bolat bildirib ki, bilet alarkən həkim özünü təqdim edib, hansı sahədə çalışdığını bildirərsə həmin sərnişinə mükafat olaraq uçuş milləri veriləcək. Beləliklə, həkimin uçuşda hansı kresloda əyləşdiyi və onun təcrübəsi məlum olacaq.

Uçuş zamanı sərnişin xəstələnərsə, “Təyyarəmizdə həkim varmı” elanına ehtiyac olmadan müdaxilə etmək mümkün olacaq.

Araşdırmaya görə, təyyarənin eniş etməsinə səbəb olan sağlamlıq problemlərinin hər 100 min uçuş saatında yeddi-səkkiz dəfə meydana gəldiyi müəyyən edilib. Yeni tətbiq ilə təyyarənin marşrutunu və enişini dəyişməyə ehtiyac qalmayacaq.