Çində yük təyyarəsi texniki nasazlıq səbəbindən qəza eniş edib. “Siçuan Hava Yolları” şirkətinə məxsus təyyarə yerli vaxtla səhər saat 7:43-də Çonçin şəhərindən qalxaraq Moskvaya istiqamətlənib. Amma uçuş başlayandan bir qədər sonra təyyarədə texniki nasazlıq yarandığından pilotlar geri qayıtmağa qərar veriblər.
“Airbus A330” tipli təyyarə yanacağı tükətmək üçün Çonçin şəhərinin üzərində bir neçə dəfə dövrə vurduqdan sonra yerli vaxtla saat 16:08-də yumşaq eniş edib.
Şirkətin açıqlamasında bildirilir ki, texniki nasazlıq təyyarənin uçuşu və yumşaq eniş etməsi üçün təhlükə yaratmayacaq qədər kiçik olsa da, uçuşun dayandırılmasına və təyyarənin geri qayıtmasına qərar verilib.
Qeyd edək ki, bu, cari həftə ərzində Çin mülki aviasiyasında 2-ci hadisədir. Martın 21-də “Çin Şərq Hava Yolları” (“China Eastern Airlines”) şirkətinin “Boeing 737-800” tipli sərnişin təyyarəsi Kunmin şəhərindən Quancou şəhəri istiqamətində uçarkən qəzaya uğrayıb. Hazırda təyyarənin qalıqlarının, habelə 123 sərnişin və 9 heyət üzvünün axtarışları davam edir.