Moldova hava məkanının bir hissəsini mülki aviasiya üçün açdı

Moldova hava məkanının bir hissəsini mülki aviasiya üçün açdı

Moldova martın 21-dən hava məkanının bir hissəsini mülki aviasiyanın istifadəsi üçün açıb. Bu barədə TASS respublikanın Mülki Aviasiya Departamentinin bəyanatına istinadən xəbər verib.

Nazirlik qeyd edib ki, səmanın açılması müntəzəm sərnişin axınının bərpasına imkan verəcək. Avropa ölkəsinə müntəzəm uçuşlar həyata keçirən aviaşirkətlər yaxın vaxtlarda fəaliyyətini bərpa edəcək.

“Ukraynanın hava məkanının bağlı qaldığını və şimal, cənub və şərq istiqamətlərində uçuşların həyata keçirilə bilməyəcəyini nəzərə alsaq, onlar Rumıniya ərazisindən keçməklə həyata keçiriləcək”, - departamentdən bildirilib.

Xatırladaq ki, fevralın 24-də Moldova Ukraynadakı vəziyyətlə əlaqədar hava məkanını bağlayıb. Bu qərarı ölkənin Ali Təhlükəsizlik Şurası qəbul edib. Bütün uçuşlar Rumıniya hava limanlarına yönləndirilib. İstisna yalnız humanitar yüklər və sərnişinsiz avialaynerlərin fərdi uçuşları üçün edilib.