15 Mart 2022, 09:13

Avropa bütün Rusiya aviaşirkətlərinin sertifikatlarını dayandırdı

Avropa bütün Rusiya aviaşirkətlərinin sertifikatlarını dayandırdı

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA - Aİ aviasiya tənzimləyicisi) Rusiya aviaşirkətlərini Aİ ölkələrinin səmalarında uçuş sertifikatlarından məhrum edib. Bu barədə rbc tənzimləyicinin bəyanatına istinadən xəbər verir.

Qeyd olunur ki, uçuşa yararlılıq sertifikatı olmayan təyyarə uça bilməz. 

“Siyahıda olan şirkətlər bu sertifikatların etibarlılığı bərpa olunana qədər sertifikatların verdiyi imkanlardan istifadə edə bilməzlər”, - deyə məlumatda bildirilir.

Siyahıya, xüsusən, Aeroflot, S7, Qazprom-Avia, Volqa-Dnepr, Ural Hava Yolları daxildir. EASA həmçinin “Rossiya”, “Utair”, “Pobeda”, “Red Wings”, “IFly”, “Nord Wind”, “Yakutia”, “Yamal”, “Alrosa”, “Aviastar-TU”, “224 Flight Squadron” Dövlət Şirkəti, “İrkut” korporasiyası, “Tupolev” və Beriyev şirkətlərinin sertifikatlarını dayandırıb. Bundan başqa, siyahıya Fövqəladə Hallar Nazirliyinin təlim mərkəzləri, xidmət şirkətləri və aviasiyası da daxildir.

Bundan əvvəl Aİ ölkələri sanksiyalar paketi dərc edib və Avropa şirkətlərinin Rusiyaya xaricdə istehsal olunan mülki təyyarə və ehtiyat hissələrini tədarük etməsi qadağan olunub. Avropa Birliyi, ABŞ, Kanada və bir sıra digər ölkələr də səmanı Rusiya təyyarələri üçün bağlayıb.