5 Mart 2022, 15:30

Avstriyada peyvənd sertifikatı qüvvədən düşdü

Avstriyada peyvənd sertifikatı qüvvədən düşdü

Avstriyada koronavirusa yoluxma hallarının (30-32 min arası) yüksək olmasına baxmayaraq, martın 5-dən etibarən paytaxt Vyana istisna olmaqla ölkə üzrə əksər məhdudiyyətlər ləğv edilib.

Hökumət bu qərarı koronavirusla bağlı hospitalizasiya hallarının yüksək olmaması və yoluxanların əsas etibarilə ev şəraitində müalicə ala bilməsi ilə izah edib.

Yeni qaydalara əsasən, qastronomiya obyektləri və tədbir məkanlarına daxil olmaq üçün daha heç bir xüsusi sənədə (peyvənd sertifikatı, test və ya sağalmaya dair arayış) ehtiyac yoxdur. Eyni zamanda bu tipli məkanların iş saatlarına tətbiq edilən məhdudiyyətlər də aradan qaldırılır.

Paytaxt Vyanada isə məhdudiyyətlərin əksəriyyəti qüvvədə saxlanılıb. Qastronomiya obyektlərində 2G (sağalmış və peyvənd olunmuş şəxslərin girişi) öhdəliyi qüvvədə qalacaq, eləcə də maska məcburiyyəti bütün ticarət obyektləri və ictimai nəqliyyatda qüvvədə qalır.

Səhiyyə Nazirliyindən bildirilib ki, yüngülləşdirmələr heç də pandemiya ilə mübarizədə tələskən qərar kimi dəyərləndirilə bilməz. Hazırda dövlət qurumlarının əsas hədəfi payızda gözlənilən növbəti koronavirus mövsümü üçün bütün hazırlıqları həyata keçirməkdir və bu istiqamətdə vaksinasiya kampaniyasının genişləndirilməsi mühüm rol oynayır.