1 Mart 2022, 18:42

Gürcüstan turistlər üçün sərhəd-keçid qaydalarını sadələşdirdi

Gürcüstan turistlər üçün sərhəd-keçid qaydalarını sadələşdirdi

Gürcüstan hökuməti əcnəbilər üçün sərhəd-keçid qaydalarını dəyişdirib. Hökumətin qərarına əsasən, martın 1-dən Gürcüstana səfər edən əcnəbilər üçün sadələşdirilmiş qaydalar qüvvəyə minib.

Koronavirus əleyhinə tam vaksinasiya kursu keçmiş əcnəbilərdən hava, quru və dəniz sərhədini keçərkən PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış və ölkəyə səfərə yollanmazdan öncə onlayn qeydiyyatdan keçmək tələb olunmayacaq. Peyvənd vurdurmayan xarici ölkə vətəndaşları isə son 72 saat ərzində aparılmış PCR testinin neqativ nəticəsinə dair arayış təqdim etməlidirlər və səfərdən öncə mütləq onlayn qeydiyyatdan keçməlidirlər.

Həmin şəxslər Gürcüstana daxil olduqdan sonra 72 saatın tamamında təkrar testdən keçmək məcburiyyətindən azad olunublar. Hökumət xaricdən gələn ölkələrin vətəndaşları ilə bağlı qadağaları da ləğv edib. Belə ki, ölkə vətəndaşları, vaksin olunanlar vətənlərinə hava və quru yolla qayıdarkən PCR testi təqdim etməyəcəklər və özünütəcrid rejiminə keçməyəcəklər.

Peyvənd olunmayanlardan isə son 72 saat ərzində aparılmış PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış tələb olunacaq. Onlar da ölkədə olduqları üçüncü günün tamamında təkrar test vermək öhdəliyindən azad ediliblər. Əgər vətəndaş Gürcüstana PCR testi ilə bağlı sənədsiz qayıdarsa, həmin şəxs beş gün müddətində karantin rejimində qalmalı olacaq.