22 Fevral 2022, 18:08

“Buta Airways” Kiyevə uçuşlarını davam etdirir

Bir sıra şirkətlər Ukraynaya uçuşları dayandırmaq qərarına gəliblər
“Buta Airways” Kiyevə uçuşlarını davam etdirir

“Buta Airways” Bakıdan Kiyevə müntəzəm reysləri yerinə yetirməkdə davam edir. Aviaşirkətin mətbuat xidmətindən AviaTravelə verilən məlumata görə, bu ölkədə baş verən siyasi hadisələr fonunda uçuş cədvəlində heç bir dəyişiklik edilməyib.

Bu arada Ukraynada siyasi gərginliyin artması bir sıra beynəlxalq uçuşların yerinə yetirilməsinə təsir göstərib.

* Air France və SAS (Skandinaviya Hava Yolları) fevralın 22-nə planlaşdırılan Ukraynaya uçuşların ləğv edildiyini açıqladı. Hər iki aviaşirkətin şəbəkəsinin Ukraynaya yalnız bir marşrutu var: Air France Parisdən Kiyevə, SAS - Oslodan Kiyevə uçur. "Bölgədəki vəziyyətlə əlaqədar olaraq, biz ehtiyat tədbiri olaraq fevralın 22-də Kiyevə AF1752 və Kiyevdən AF1753 reyslərini ləğv etmək qərarına gəldik", - Air France bildirib.

* Lufthansa Qrupuna daxil olan aviaşirkətlər: Lufthansa, Austrian Airlines və Swiss International Air Lines (İsveçrə) regionda artan gərginlik fonunda Ukraynaya uçuşların əksəriyyətini dayandırdıqlarını elan ediblər.

* airBaltic regiondakı vəziyyətlə əlaqədar fevralın sonuna qədər Riqadan Odessaya bütün reysləri və Riqa-Kiyev gecə reyslərini ləğv edib.Bu cədvəl dəyişikliyi Ukraynanın paytaxtına beş, Odessaya iki reysə təsir edəcək. airBaltic “hər uçuşdan əvvəl vəziyyəti qiymətləndirdiyi üçün” növbəti ləğv etmələri də istisna etmir.

* Avropanın ən böyük aşağı büdcəli aviaşirkəti Ryanair, Xarkov və Xersonun qeydini rezervasiya sistemindən tamamilə çıxartdı. Bu o demək ola bilər ki, aviaşirkət bu şəhərlərə uçuşları qeyri-müəyyən müddətə dondurmaq qərarına gəlib.

Bu arada Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov brifinqdə bildirib ki, Ukrayna Rusiya qoşunlarının mümkün genişmiqyaslı işğalı ilə bağlı informasiya gərginliyinə baxmayaraq, Avropanın bütün əsas şəhərləri ilə hava əlaqəsini saxlayır. Onun sözlərinə görə,  nazirlik xarici aviaşirkətlərin uçuşları ləğv etmək qərarı ilə bağlı reyslərin tezliklə açılmasına dair aşirkətlərlə danışıqlar aparır.