11 Fevral 2022, 16:05

AZAL Zəngilan aeroportunda aeronaviqasiya avadanlıqlarının tətbiqinə başladı

AZAL Zəngilan aeroportunda aeronaviqasiya avadanlıqlarının tətbiqinə başladı

İşğaldan azad edilmiş ərazilər üzərində aeronaviqasiya xidmətinin bərpası layihəsinin həyata keçirilməsində növbəti uğurlu mərhələ əldə olunub. 
 
AZAL QSC-nin nəzdində fəaliyyət göstərən "Azəraeronaviqasiya" (AZANS) HHİ inşa edilən Zəngilan Beynəlxalq Hava Limanının aeronaviqasiya dəstəyi üzrə radiotexniki sistemləri üçün mühüm beynəlxalq kodların və tezliklərin alındığını elan edib. 
 
Bu kodlar və radiotezliklər hava hərəkətinə nəzarət xidmətinin göstərilməsi, aviasiya meteoroloji məlumatlarının yayımının, rabitə sisteminin işə salınmasının, digər sistemlərin naviqasiyasının və radiolokasiyasının təmin edilməsi üçün olduqca zəruridir. Onlar naviqasiya avadanlıqlarının beynəlxalq sistemə inteqrasiyasını, müvafiq olaraq beynəlxalq uçuşların təhlükəsizliyini və müntəzəmliyini təmin edir. 
 
“Çox qısa müddət ərzində Zəngilanda tikilən beynəlxalq hava limanı böyük nəqliyyat hava qovşağına çevriləcəkdir ki, bu da təkcə ölkənin deyil, bütün regionun iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynayacaqdır. Nəzərdə tutulan məqsəd çərçivəsində bu gün ICAO-nun müəyyən edilmiş standartlarına uyğun olaraq hava limanında aeronaviqasiya avadanlığının tətbiqi üzrə genişmiqyaslı işlər görülür.” – deyə AZAL-ın Prezidenti Cahangir Əsgərov qeyd edib.
 
AZANS-ın əldə etdiyi kodlar və tezliklər, aviasiya tezliklərinin mənimsənilməsinin beynəlxalq koordinasiyasının təşkilini təmin edən SAFIRE sistemi və radiolokasiya kodlarının paylanmasını həyata keçirən MICA sistemi tərəfindən təsdiq edilmişdir. Onlar, həmçinin, qlobal elektron verilənlər bazasına daxil edilib.
 
Hər iki sistem Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı – “EUROCONTROL” tərəfindən idarə olunur. Kodların və tezliklərin mənimsənilməsi proseduru bütün iştirakçı ölkələrlə razılaşdırılır.