28 Yanvar 2022, 14:42

“Buta Airways” fevral ayında Mineralnıye Vodıyə uçuşları bərpa edir

Bakı-Mineralnıye Vodı-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək.
“Buta Airways” fevral ayında Mineralnıye Vodıyə uçuşları bərpa edir

 

“Buta Airways” aviaşirkəti Bakıdan Mineralnıye Vodı şəhərinə birbaşa reysləri bərpa edir. Aviadaşıyıcı fevralın 6-dan uçuşları həyata keçirəcək.

Bakı-Mineralnıye Vodı-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək.

Qeyd edək ki, bundan əvvəl, 2021-ci ilin may ayının sonundan 2022-ci ilin yanvar ayına qədər Mineralnıye Vodı şəhərinə uçuşlar “Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən həyata keçirilirdi.

Həmin uçuşlara biletləri butaairways.az rəsmi saytından (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə edə bilərsiniz.

Biletlərin dəyəri 29 avrodan başlayır.

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir.

Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Rusiyaya səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının bu ölkənin ərazisinə giriş hüququ olmalıdır. Pandemiya dövründə RF ərazisinə giriş qaydaları aviaşirkətin saytında qeyd edilib. 

Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı ilə aviaşirkətin saytında tanış ola bilərsiniz. 

Rusiya şəhərlərindən Azərbaycana uçuş zamanı COVİD-19 testindən keçmək zəruridir. PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcəkdir. COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.