12 Yanvar 2022, 11:28

Azərbaycanın hava limanlarında sərnişin axını ikiqat artıb

2021-ci ilin yanvar-dekabr aylarında 2,93 milyon sərnişinə xidmət göstərilib
Azərbaycanın hava limanlarında sərnişin axını ikiqat artıb

2021-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın hava limanları 2,93 milyon sərnişinə xidmət göstərib. Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib ki, bu rəqəm COVID-19 pandemiyasının başlaması, beynəlxalq uçuşların ləğvi və sərhədlərin bağlanması səbəbindən sərnişin hava nəqliyyatının dayandırıldığı 2020-ci ilin statistikasını iki dəfədən çox üstələyir.

Sərnişinlərin ümumi sayından 2,39 milyonu beynəlxalq reyslərin payına düşüb. Son bir ildə Heydər Əliyev Beynəlxalq Aeroportunun baza aviadaşıyıcıları - AZAL və Buta Airways müvafiq olaraq 874,5 min və 250 min sərnişin daşıyıb.

Beynəlxalq uçuşların ümumi sayının 38,2 faizi AZAL-ın, 10,9 faizi “Buta Airways”in payına düşüb.

Aviasiya sənayesi tədricən bərpa olunur və hazırda 25 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa uçuşlar həyata keçirir.

Aviadaşıyıcılar Azərbaycandan Türkiyə, Rusiya, BƏƏ, Gürcüstan, Ukrayna, Belarus, Qətər, İsrail, Almaniya, Böyük Britaniya, Küveyt və Qazaxıstana uçuşlar həyata keçirir.

2021-ci ildə Füzuli şəhərində istifadəyə verilən Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında ilk hava limanına reyslərdə 675 nəfərə xidmət göstərilib.

Onu da qeyd etmək lazımdır ki, AZAL-ın tabeliyində olan “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi son bir il ərzində Azərbaycanın hava məkanı ilə reys edən 47 min təyyarəyə xidmət göstərib ki, bu da 2020-ci illə müqayisədə 6,3% çoxdur və pandemiyadan əvvəlki dövrün 57%-ni təşkil edir. Daha 34 min təyyarə Azərbaycanın hava limanlarında eniş zamanı idarə olunub.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımaları, uçuş və eniş əməliyyatları, hava limanı kompleksinin sahəsi və yük kompleksinin tutumuna görə Azərbaycanın və regionun ən böyük hava limanıdır.

2021-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq hava nəqliyyatı reytinq agentliyi Skytrax tərəfindən hava limanları üçün COVID-19 pandemiyası zamanı epidemioloji təhlükəsizliyə görə 5 ulduz reytinqi alıb.

Bu, Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişinləri və işçilərini koronavirusun yayılmasından qorumaq üçün həyata keçirilən COVID-19 tədbirlərinin effektivliyinin ən yüksək qiymətidir.