Qazaxıstanda iki hava limanının işi hələ də dayandırılıb - Almatı və Taldıkorqanda, - sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbayev deyib.
"Ölkədə 20 hava limanından 18-i normal işləyir. Almatı və Taldıkorqan şəhərlərində hava limanlarının fəaliyyəti dayandırılıb", - Uskenbayev çərşənbə günü hökumətin iclasında bildirib.
"Eyni zamanda, Almatı hava limanı fəaliyyətini bərpa etməyə texniki cəhətdən hazırdır, xüsusi səlahiyyətli orqanların müvafiq qərarı lazımdır", - o əlavə edib.
Xəbər verdiyimiz kimi, yanvarın 6-na keçən gecə iğtişaşlar zamanı Almatı hava limanına hücum edilib. İğtişaşçılar tərəfindən hava limanı dağıdılıb, kafelərin, mağazaların, aviabilet satış məntəqələrinin şüşələri sındırılıb.
Almatı hava limanı 1935-ci ildə tikilmiş Qazaxıstanın ən böyük hava limanıdır. Hava limanının səhmdarları Türkiyənin TAV Hava Limanları (85%) və Qazaxıstan İnfrastruktur Fondudur (15%).