“Flyone Armenia” şirkəti Mülki Aviasiya Komitəsinə İrəvan-İstanbul və əks istiqamətdə uçuşlar həyata keçirmək üçün sorğu göndərib.
Ermənistan mətbuatının verdiyi məlumata görə, bu barədə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan məlumat verib.
Arutyunyan qeyd edib ki, “Flyone Armenia”nın müraciəti müəyyən edilmiş meyarlara cavab verərsə, o, təsdiqlənəcək və aviaşirkət uçuşlar həyata keçirə biləcək.
Yerevanla Ankara arasında diplomatik münasibətlərin olmadığını, həmçinin imzalanmış aviasiya müqavilələrinin olmadığını nəzərə alsaq, uçuşlar qeyri-müntəzəm olacaq.
Nazirlik sözçüsü vurğulayıb ki, nazirlik uçuşların bərpasına heç bir maneə görmür, çünki hədəflərdən biri hava marşrutlarının coğrafiyasını genişləndirmək və sərnişin axınını artırmaqdır.
O, eyni zamanda əlavə edib ki, Türkiyə aviaşirkətləri bu reysin həyata keçirilməsi üçün Ermənistanın aviasiya hakimiyyətlərinə müraciət etməyiblər.
Bundan əvvəl Mülki Aviasiya Komitəsi Sputnik Ermənistan-ın yazılı sorğusuna cavab olaraq bildirmişdi ki, Flyone Armenia 2015-ci ildən sonra Türkiyəyə uçuşlar həyata keçirəcək ilk Ermənistan aviaşirkəti olacaq.
Eyni zamanda Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Türkiyənin “Pegasus” aviaşirkətinin İstanbul-İrəvan marşrutu üzrə uçuşlara başlamağa hazırlaşdığını bildirib.Onun sözlərinə görə, yaxın günlərdə uçuşlar başlayacaq. Bundan əlavə, o, artıq erməni şirkətinin də eyni marşrut üzrə uçuşlar həyata keçirmək arzusunun olduğunu bildirib.
İrəvan-İstanbul reysini Flyone Armenia şirkəti yerinə yetirəcək
