8 Dekabr 2021, 19:42

AZAL Dubaya uçuşların sayını artırmağı planlaşdırır

Aviaşirkət geniş gövdəli təyyarələri bu marşruta qaytarmaq niyyətindədir
AZAL Dubaya uçuşların sayını artırmağı planlaşdırır

Yaxın vaxtlarda Bakı ilə Dubay arasında uçuşların sayının gündə iki dəfəyə qədər artırılması planlaşdırılır.

Bunu “Azərbaycan Hava Yolları” QSC-nin marketinq, kommersiya və istehsalat departamentinin rəis müavini Fatimə Hacızadə aviaşirkətin Dubayda turagentlər üçün təşkil etdiyi Bakı-Dubay marşrutu üzrə gündəlik uçuşların bərpasına həsr olunmuş təqdimatında deyib. Hazırda iki şəhər arasında hər gün xüsusi reyslər həyata keçirilir.

Onun sözlərinə görə, aviaşirkət daha da rahat və komfortlu uçuşlar, eləcə də turizm bazarında bir çox təkliflər təqdim etmək üçün geniş gövdəli təyyarələri bu marşruta qaytarmaq niyyətindədir.

Qeyd edək ki, tədbir hava nəqliyyatı və turizm sahəsində fəaliyyət göstərən dünyanın aparıcı idarəetmə şirkəti Aviareps tərəfindən təşkil olunub.

Dubay Azərbaycan Hava Yollarının marşrut şəbəkəsində ən populyar istiqamətlərdən biridir. Hər il Azərbaycandan minlərlə turist BƏƏ-nin ən böyük şəhərinə səfər edir. Hazırda burada 192 ölkədən pavilyonların təqdim olunduğu “EXPO-2020” dünya sərgisi keçirilir.

Fars körfəzi ölkələrindən gələn turistlər də Azərbaycana böyük maraq göstərir, onların bir çoxu tranzitlə Dubayın beynəlxalq hava limanları vasitəsilə Bakıya səfər edirlər.