5 Oktyabr 2021, 16:05

Abşeron qalaları: orta əsrlərin ab-havası arxasınca səyahət

Abşeron qalaları: orta əsrlərin ab-havası arxasınca səyahət

Bakı yaxınlığındakı qalalar keçmişin sərt üzünü hələ də qoruyub saxlaya bilib. Bu tikililər nə qədər ciddi görkəm alsalar da, onlardan romantizm də əksik deyil. Qalaların qalın divarları qədim dövrlərin tarixi hadisələrini yaxşı xatırlayır, di gəlki, divar daşlarının dili yoxdur ki, keçmişdən bizə xəbər versin.

Abşeron qalaları müxtəlif əsrlərdə tikilib. Onlardan bəziləri tarixi iğtişaşlar zamanı məhv olub. Digərləri isə xarabalıqlara çevrilərək keçmiş şöhrətlərini itiriblər. Bununla belə zamanın dağıtmadığı tikililər də günümüzə gəlib çatıb. Onlar qorunub və yenidən bərpa edilib. Bu daş miraslara ekskursiya səyahətçini orta əsrlər aləminə aparır. Həmin aləmdə Abşeron yarımadasının tarixi izlərinə rast gəlmək mümkündür.

Abşeronun qalaları və qüllələri: onlar nəyə xidmət ediblər?

Tarixçi-tədqiqatçılar bir-birinə çox bənzəyən Abşeron tikililərinin təyinatı haqqında cürbəcür versiyalar irəli sürürlər.

Onlar iddia edirlər ki, yarımadadakı qala və qüllələr acgöz yadellilərdən qorunmaq məqsədilə tikilib. Bir-birindən ayrı qüllələr qalaların daxilində yüksələrək gözətçi bürclər rolunu oynayıb. Bürclərin yuxarısından düşmənin yaxınlaşdığını görürdülər və bu barədə əhaliyə od yandırmaqla işarə verirdilər.  Təhlükə xəbərdarlığı verildikdən sonra dinc sakinlər qala divarları arxasında gizlənirdilər.

Bəziləri qeyd edir ki, qüllələr və qalalar daxili hərbi əməliyyatlar zamanı, daxili qarışıqlıq dövründə müdafiə qurğuları məqsədilə tikilib. Digərlərinin ehtimalına görə isə bunlar zərdüştlüyün qədim dini tikililəridir. Sonradan onlar əhalini xəbərdar edən müdafiə qalaları şəklində yenidən tikilib və bir sıra hallarda müvəqqəti sığınacaq kimi istifadə olunub. Kanalizisiya sistemi, su quyuları, eləcə də məhsulların saxlanılması üçün xüsusi anbarların olması bu versiyanı təsdiqləyir.

İddia edirlər ki, guya yarımadadakı qalalar yeraltı yollar vasitəsilə bir-birilə bağlı olub. Guya yeraltı yollar mühasirə zamanı ərzaq məhsullarının daşınması üçün nəzərdə tutulub və yalnız agah edilənlərin onların mövcudluğundan xəbəri olub. Vaxt ötdükcə yeraltı dəhlizlər çökərək yox olub. Bəlkə də deyilənlər doğrudur, lakin qlobal yeraltı şəbəkənin mövcudluğunu sübut edən dəlillər və yeraltı mağaraların xəritələri yoxdur. Abşeron yarımadasının köhnə sakinləri isə hesab edir ki, belə yeraltı keçidlərin mövcudluğu şübhə doğurmayan faktdır.

 

HAŞİYƏ: Zərdüştlük müasir Azərbaycan ərazisində bir vaxtlar yayılmış dindir. Bu dinin başlıca prinsipi iki əbədi qüvvənin, yəni xeyir və şərin bir-birinə qarşı qoyulmasıdır. Zərdüştlük dinində od əsas rol oynayır.

 

FAKT: Eyni dövrdə tikilmiş Avropanın qəsr və qalalarından fərqli olaraq, Abşeron qalalarının geniş daxili həyətləri, yaşayış və xidməti tikililəri olmayıb. Bütün bu cur tikililər qala divarlarının xaricində yerləşib. Hər bir belə qalanın ətrafında evlər və xidməti tikililər, habelə həmişə məscid inşa edilib.

 

Qala kəndindəki qala: keçmişlə indinin bağı

Bakının Qala kəndində az qala özülünədək dağıdılmış qala (X-XIV əsrlər) yenidən tikilib. Qala divarları arxasında kiçik Abşeron dünyasının tarixi canlanır. Zaman qala divarlarına rəhm etməyib, küləklər onları dağıdıb, yağışlar isə daş parçalarını yuyub. Qədim istehkam restavrasiya edilənədək bir neçə yüz il ötüb. Bu, heç də az müddət deyil. Vaxtilə qüdrətli qala olan bu qədim istehkamdan yalnız kiçik bir hissə salamat qalıb.

Tarixçilər hesab edirlər ki, o, müdafiə və gözətçi funksiyasını həyata keçirib. Qazıntılar göstərir ki, qalanın yerində daha qədim müdafiə qurğuları yerləşib. Aparılmış qazıntılar zamanı maraqlı tapıntı aşkar edilib. Belə ki, qala  ərazisinin altından yeraltı keçidlər keçib və onlar qala divarlarının hüdudlarından kənara uzanıb. Bütün bunlar bir daha təsdiq edir ki, Abşeron qalaları daimi yaşayış üçün deyil, yadellilərin basqınları zamanı müvəqqəti sığınacaq və müdafiə üçün xidmət edib.

MARAQLIDIR: Bərpa edilmiş qalanın yaxınlığında açıq səma altında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi açılıb. “Qala” Dövlət Tarix- Etnoqrafiya Qoruğu 1988-ci ildə yaradılıb, 2008-ci ildə isə Heydər Əliyev Fondunun dəstəyi ilə burada restavrasiya işləri aparılıb və qoruq arxeoloji-etnoqrafik kompleksinədək genişləndirilib.

Abşeronun Qala kəndi adını məhz bu qaladan götürüb. Məscid binası daha əvvəllər silah və ərzaq anbarı kimi istifadə olunub. Hazırda qala bərpa edilib və əvvəllər olduğu kimi indi də səyahətçi adı Qala olan misli görünməmiş ecazkar mənzərə ilə qarşılaşır.

Böyük Mərdəkan qalası

Böyük Mərdəkan qalası (XIV-XV əsrlər) tarixi xatirələrin yaşandığı məkandır. Dördkünc qüllədən təşkil olunmuş qalanın zirvəsində örtülü mazğallar var. Qalanın hündürlüyü 22 metrdir. Onu dövrələyən dişli qala divarları əsrlər boyu qalanın alınmaması üçün xidmət edib. Dik dolama pilləkən qalanın zirvəsinə doğru aparır.

Qala daşları hamar şəkildə cilalanıb və bir-birinə elə sıx uyğunlaşdırılıb ki, təzə hörgüyə oxşayır.  Daş monolitin bir neçə yüz yaşı olduğuna inanmaq olmur. Qala həyətinin daxilindəki çuxur azuqənin saxlanılması üçün istfadə olunub. Çuxur tələ rolunu da oynayaraq həyətin ərazisinə soxulan düşməni bir çox halda zərərsizləşdirib. Tikilinin yaxınlığında yerləşən məscid qala ilə eyni zamanda inşa edilib.

FAKT: Qala ərazisindəki ekspozisiya arxeoloji qazıntılar zamanı aşkar edilmiş eksponatlardan ibarətdir. Onların arasında silah və məişət əşyaları, qəbirüstü daşlar və digər daş əşyalar var. Eksponatların üzərinə VI və XII əsrlər arasındakı dövrə aid müxtəlif ornamentlər və bitki təsvirləri, ərəb dilində yazılar həkk olunub.

Təhlükə yarandığı halda qalada məşəl yandırırdılar. Bu yolla əhaliyə təhlükə barədə əvvəlcədən xəbərdarlıq edilirdi.

Qalanın gizli guşələri boyunca gəzinti tarixə heyrətamiz səyahət bəxş edir.

 

Ramana qalası – Bakı ilə yeraltı bağlantı

Ağ daşdan tikilən Ramana qalası (XII-XIV əsrlər) sanki uşaqlıq dövrümüzün nağıllarından çıxıb. Qalanın yanında olanda həqiqətən də maraqlı ab-havaya düşürsən. Neft “kaçalkaları” fonundakı qala qüllələri burada baş verənlərin real olmadığı təəssüratı yaradır. Deyilənə görə, qədim dövrlərdə 15 metr hündürlüyündə olan qüllədən Bakının ürəyi sayılan “Qız qalası”na yeraltı yol gedirdi. Qalanın qülləsindən yarımadanın ətrafına və paytaxtın özünə gözəl mənzərə açılır.

Çox güman ki, o, gözətçi və müşahidə məntəqəsi qismində istifadə olunub. Təsdiq olunmamış digər versiyaya əsasən, qala atəşpərəstliyin qədim müqəddəs yerində ucaldılıb. Və yalnız yüz ildən sonra işarəvermə qülləsi və sığınacaq kimi istifadə olunub. Ramana qəsəbəsindəki dördbucaqlı qalanın hündürlüyü 12 metr təşkil edir.

 

Şağan gözətçi qalası

Tünd-boz mozaikalı Şağan qalası (XII əsrin sonu-XII əsrin əvvəli) kənddəki tikililər arasından ucalır. Onun yalnız bir küncü salamat qalıb. O, günümüzdə okean axınlarının dağıtdığı gəmini xatırladır. Zamanın məhv etdiyi qala əvvəlki əzəmətini və getdikcə tarixi əhəmiyyətini itirib.

Onun qülləsinin yuxarısından ətrafa baxanda, buradan bütün qəsəbə ovucunun içi kimi görünür. Əgər qədim qalaların sirləri ilə maraqlanırsınızsa, Abşeron tikililərini görməyə getməklə zamana əyləncəli səyahət etmiş olacaqsınız.

 

Teqlər: