11 Fevral 2022, 12:02

Gəncə qapısı “düyünü”

Bəs nədən gürcülər bu qapının qalıqlarına bu qədər “paxıllıqla” münasibət göstərirlər?
Gəncə qapısı “düyünü”

Artıq bir həftədən çoxdur ki, Azərbaycan Respublikası Mədəniyyət naziri Anar Kerimovun gəncəlilərə ümid verdiyi Gəncə qapılarınıın qaytarılması mövzusu ətrafında müzakirələr davam edir.

Bəs nədən gürcülər bu qapının qalıqlarına bu qədər “paxıllıqla” münasibət göstərirlər? Nədən heç bir dəfə olsa belə nə Gürcüstan höküməti, nə də Gürcü patriarxarxlığı darvazanın nəinki geri qaytarılmasına, hətta sərgilənməyinə də icazə verməyiblər? Axı ikitərəfli münasibətlərdə artıq gözəl təcrübələrimiz var. Məsələn, Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” adlı sərgi buna sübütdur.

Tarix

Gəncə qapıları XI əsrin ortalarında Şəddadi hökmdarı Əbüləsvar Şavurun (1049-1067) göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən hazırlanmışdı. Bu nadir sənət incisi 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədi ilə hücum etmiş gürcülər tərəfindən Gürcüstana aparılmış və hazırda bir tayı Gürcüstanın Kutaisi rayonunun Helat monastırında saxlanılır. Darvazanın salamat qalan tayının üzərində Kufi xətlə, ərəb dilində yazılmış belə yazılar var: "Rəhmli və mərhəmətli Allahın Adı ilə! Həşəmətli Mövlamız və Əmrimiz Seyid Savur ibn Əl-Fəzl – Allah onun hökmranlığını uzun etsin – bizə bu qapını Qazi Əbül Fərəc Məhəmməd ibn Abdullanın inayəti ilə qurmağı əmr etdi – Allah ona da müvəffəqiyyət versin. Dəmirçi İbrahim ibn Osman Ənqaveyhin işi. Beşinci, əllinci, dörd yüzüncü il hicri".

Gürcülərin iddiası

Gürcülərin versiyası isə çar I Demetre 1139-cu ildə Gəncə şəhərini tutaraq, qapıları qənimət kimi götürüldüyünü və sonra Gelati monastırına bağışlanması kimi səsləndirilir. Bu gün bu darvazanın yarısı Gelati monastırının həyətində elə I Demetrenin atası IV Davudun məzarı ilə üzbəüz divara bərkidilib. Gürcülər Demetrenin və atası Davudun hökmranlıq zamanını tarixlərində “qızıl əsr” adlandırırlar. Qara dənizdən Xəzərə qədər uzanan qüdrətli dövlətə başçılıq etdiklərini iddia etməklərinə baxmayaraq, danılmaz faktdır ki, o vaxt gürcülərin Səlcuq hökmdarlarına qarşı qoya biləcəkləri qüvvələri yox idi.

Bundan başqa, 1803-cü ildə Tsitsianov tərəfindən Gəncənin mühasirəyə alınmağı mövzusunda da iddiaları var: Böyük Tamaranın dövründə Gəncənin Gürcü çarlığına aid olması fikri aşılanaraq, çarlığın hüquqi varisi Rusiya İmperiyası olduğu üçün bu mühasirəyə bəraət qazandırılır.

Görünən o ki, Gürcü-Azərbaycan tarixi eksponatının arxasında maraqlı və dramatik tale dayanır, açıqladığımız və digər müxtəlif səbəblərdən gürcü tərəfi bu eksponatlardan ayrılmaq istəmir.

Bəs darvazanın digər tayının aqibəti necə oldu?

Azərdaycan Sovet Ensiklopediyasına istinadən, XVIII əsrdə monastır təmir olunarkən, Gəncə darvazasının o bir tayı dam örtüyünə istifadə olunub.

Gəncə qapılarının “surəti”

Qədim Gəncə xarabalıqlarında 2000-ci ildə arxeoloji qazıntılar zamanı Gəncə qalasının beş qapısından biri olan “Məqbərə qapısı”nın qalıqları tapılıb. Bu arxeoloji materiallar əsasında, qədim Gəncə qapıları 2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən ilkin şəkildə bərpa edilib. Eyni kufi yazısı darvaza üzərində həkk olunub. Prezident İlham Əliyev qapının açılışında iştirak edib. Bu, Gəncənin həyatında unudulmaz hadisə idi, açılışa bütün şəhər toplaşmışdı.

2011-ci ildə isə hündürlüyü 3 m 70 sm, eni isə 3 m 40 sm olan, 56 müxtəlif tökmə dəmir listlərdən hazırlanan bu darvaza öz tarixi yerində Gəncə-Bakı-Gəncə yolunun şəhərə giriş istiqamətində quraşdırılıb. 2012-ci ildə burada Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksinin inşaasına başlanılıb.

2014-cü ilin yanvarında isə başa çatıb. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Qarşıda 75 metr hündürlüyündə dövlət bayrağı ucaldılıb, ətrafında park salınıb. Abidə kompleksin sağ cinahında Gəncənin gerbi yaradılıb. Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir.

Çox böyük ümüdlərlə gözləyirik ki, yaxın zamanlarda min ildən artıq Gəncənin hərbi şöhrətinin və gəncəlilərin öz şəhərinin tarixinə sədaqətinin, məhəbbətinin və ehtiramının simvolu olan bu darvazanın bir tayı gürcülər tərəfindən bizə geri qaytarılacaq. Bir monastır üçün tamamilə lazımsız olan (monastrda başqa heç bir tarixi qiyməti olan eksponat yoxdur, ümumiyyətlə ora muzey deyil, və qapı heç vaxt heç bir muzeydə sərgilənməyib) və illərdi açıq havada, yağışda, qarda paslı metal yığınına çevrilmiş bu qapı gürcülər tərəfindən qaytarılaraq Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyinidə göz bəbəyi kimi saxlanılacaq.